29 noyabr 2022 11:48
622

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir

Bu il noyabr ayının 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak etdilər. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev çıxış edərək daha sonra sualları cavablandırmışdır.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa və Asiya arasında yerləşərək münasib coğrafi mövqeyə sahib olduğunu, lakin açıq dənizə və okeana çıxısı olmadığı üçün enerji və nəqliyyat sahəsində gərgin çalışmağın vacibliyini bildirmişdir. Ölkənin iki qitə arasında yerləşməsi əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Azərbaycan bu sahəyə uzun illər ərzində böyük sərmayələr yatırmışdır. Beş il bundan əvvəl açılmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yükdaşıma həcminin artdığını görərək yolun Gürcüstan hissəsinin genişlənməsinə başlanılmışdır. Ölkəmizin başçısı 100 milyon ABŞ dollarından artıq başa gələn bu sərmayə yatırımının bir il, yaxud il yarıma tamamlanması planlaşdırıldığını bildirdi.

Cənab Prezident İlham Əliyev Azərbaycan Şimal-Cənub dəhlizi və Şərq-Qərb dəhlizinə nəqliyyat layihələrinin iştirakçısı olmasını, işləri yaxşılaşdırmaq məqsədilə qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yollarının tikildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycanda nəqliyyat-kommunikasiya layihələrini dəniz ticarət limanı vasitəsilə də aparılır. Bu məqsədlə liman 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulur. Bakıda Xəzər dənizi üzərindən limanının istifadəsi ticarətin vacib yollarındandır.

Azərbaycanda hava limanlarının da xüsusi əhəmiyyəti vardır. Bu gün işğaldan azad olunmuş ərazilərdə də hava limanları tikilir. Sərnişin və yük daşıma məqsədilə tikilmiş bu beynəlxalq hava limanları Laçın hava limanı hazır olduqdan sonra doqquz olacaqdır. Bununla da, yükdaşıma sahəsi daha da genişlənəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır”.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri