Dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınan müstəqil Azərbaycan Respublikası dünya birliyinin ayrılmaz hissəsinə çevrilib. Son illər ərzində respublika səviyyəsində yolların yenidən qurulması, bərpası və genişləndirilməsi, körpülərin, yeraltı keçidlərin, çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi uğurla həyata keçirilir.
Azərbaycanın iqtisadi qüdrətinin artmasında nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələr xüsusi əhəmiyyət kəsb edir. Məhz bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi təkan verir. Ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində iştirakı Azərbaycanın Avropa və Asiya ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün geniş imkanlar yaradır. Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşməsi də Azərbaycanı ölkələrarası iqtisadi əlaqələrin yaradılmasında və gücləndirilməsində vacib aktorlardan birinə çevirmişdir.
Azərbaycan son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirmiş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə genişmiqyaslı işlər görmüşdür. Bazar iqtisadiyyatının inkişaf etməsi şəraitində nəqliyyat sistemində dinamik inkişafın təmin olunması hər bir ölkənin sosial-iqtisadi siyasətinin strateji istiqamətlərindən biri hesab edilir. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat sektorunun iqtisadiyyatın inkişafında mühüm mövqeyə malik olduğunu dəfələrlə vurğulamışdır. Cənab İlham Əliyev çıxışlarında yol-nəqliyyat kompleksinin bütün sahələrinin sürətlə modernləşdirildiyini bildirməklə yanaşı, demişdir ki, artıq respublikamızda region üçün əhəmiyyətli layihələr həyata keçirilir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Bakı Beynəlxalq Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, habelə Şimal-Cənub beynəlxalq tranzit dəhlizinin formalaşdırılması və digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaratmışdır. Bundan başqa, Azərbaycanın tranzit potensialının və cəlbediciliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər də görülmüşdür. Belə ki, sadalanan strateji dəhlizlərin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında əlaqələr gücləndirilmiş və prosedurlar təkmilləşdirilmişdir. Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanan və Avrasiyanın əsas tranzit ölkələrindən birinə çevrilən Azərbaycanın tranzit imkanlarının artması regional əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verir. Xüsusilə, ölkənin nəqliyyat qovşağına çevrilməsinə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi böyük perspektivlər açır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Qədim İpək Yolunun üzərində yerləşən ölkələrin tarixi uğurlarını təkrarlamağa imkan vermişdir. Azərbaycanın tranzit potensialının və tranzit daşımalarında iştirak imkanlarının genişlənməsi, digər dəhlizlərlə müqayisədə yüklərin bizim ərazimizdən daha əlverişli şərtlərlə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaratması Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsidir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası