30 il ərzində uğurlu və şərəfli yol keçərək adını ölkəmizin ictimai-siyasi tarixinə şərəflə yazdıran Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, sosial-iqtisadi inkişafında, ölkəmizdə demokratik siyasi sistemin güclənməsində, vətəndaş həmrəyliyi və milli birliyin təmin olunmasında, misilsiz nailiyyətlərdə özünəməxsus rolu olub. Ona görə də partiyanın 30 illik yubileyi xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisə idi. Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının proqram xarakterli, dərin məzmunlu nitqi YAP-ın keçdiyi 30 illik çətin və şərəfli yola və qarşıda duran perspektivlərə həsr olunmuşdur. YAP-ın hansı ağır şəraitdə yaradılıdığınıdan bəhs edən cənab Prezident bildirmişdir ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycan dövlətinin Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulduğunu, inkişaf etdiyini qeyd edib. Tarixi zərurətdən yaranan və zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən Yeni Azərbaycan Partiyası düz 30 il şərəfli və möhtəşəm yol keçib. Bəli, belə bir mürəkkəb şəraitdə 1992-ci ilin oktyabrın 16-da xalqımızın 91 nəfər ziyalısı “SƏS” qəzetində Ümummilli Liderimizə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Zamanın təxirəsalınmaz tələbindən irəli gələrək ümumxalq partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası müstəqilliyinin bərpasının ilk illərində, ölkəmizin ciddi xaos və böhran içərisində olduğu, iqtisadiyyatın tamamilə dağıdıldığı, bütün iqtisadi sistemin iflic edildiyi, siyasi qrupların hakimiyyət uğrunda mübarizə apardığı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin daha da genişləndiyi bir dövrdə təsis edilib.
Ulu Öndər Heydər Əliyevlə başlanan, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevlə davam etdirilən düzgün və qətiyyətli siyasət Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Dövlət Başçımız cənab İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında qeyd etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Həmin dövrdə xalqı öz xilasını görkəmli dövlət xadimi, təcrübəli siyasətçi və böyük azərbaycanlı Heydər Əliyevin simasında görüb, yalnız Onun ölkəmizi bu ağır vəziyyətdən xilas edə biləcəyinə sonsuz inamını ortaya qoyaraq, Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir", - deyə müraciət ünvanlayıb. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə təşkilatlanaraq, siyasi sistemin əsas güc mərkəzinə çevrilib, xalqın vahid amal və dövlətçilik ideyası ətrafında səfərbər olunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib.
Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Çünki Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Son 19 ilin hadisələri göstərir ki, Ulu Öndərin bütün tapşırıqları, tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Bunun üçün Azərbaycan gücləndi, ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin xilas edildiyi illər Azərbaycanın müstəqillik tarixinə ölkəmizin inkişafının möhkəm təməllərinin yaradılması mərhələsi kimi daxil olub. Dahi rəhbərin sədrlik etdiyi ümumxalq partiyası da bu illər ərzində ölkəmizdə sabitliyin və vətəndaş həmrəyliyinin güclənməsinə müvafiq töhfələr verib, xalqımızın qazandırdığı misilsiz nailiyyətlərin əsas təbliğatçısı olub. Qələbələr, qaliblər partiyası olan Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərməklə yanaşı, həm də ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya 30 illik tarixi dövründə öz fəaliyyəti ilə sübut etdi ki, tarixin çətin sınaqlarından çıxan müstəqil Azərbaycanı parlaq gələcəyə aparmağa qadir partiyadır.
Ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır. Dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın qalibiyyətinə, qüdrətinə, iradəsinə şahidlik etdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün möhkəm baza olduğunu təsdiqləyir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa işləri həyata keçirilir, işğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlərimiz bərpa edilir, dünyanın dilbər guşələrinə çevrilir.
Yarandığı gündən Azərbaycan dövlətçiliyinə və xalqımıza ləyaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının fəalları da bu işdə də fəallıq nümayiş etdirirlər. YAP hakim partiya olaraq, Azərbaycanda siyasi islahatların, Böyük Qayıdışın uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası