29 noyabr 2022 03:18
468

O yol aydınlığa aparırdı...

Laçın rayonunun işğaldan azad edilməsi ilə dövlət sərhədlərimizin tam bərpası təmin edildi

2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu 28 illik işğaldan azad olunub və bununla bütün laçınlıların həsrətinə son qoyuldu. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Ordusu Ermənistan qoşunlarını və burada qanunsuz məskunlaşan erməniləri bu rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsini başa çatdırdı.

Azərbaycan 44 günlük Vətən müharibəsi (27 sentyabr - 9 noyabr) zamanı düşməni darmadağın etdi və beləliklə, Ermənistan dərin böhran vəziyyətinə düşdü. Ordumuzun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi  texnikanın qiyməti bir neçə milyard dollardır. Bu, xarici borc içində üzən Ermənistan üçün böyük zərbədir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan dekabrın 1-dək 22 gün ərzində siyasi yolla daha əvvəlcə Ağdam və Kəlbəcəri rayonlarını azad etdi. Amma düşmən bu ərazilərdən öz xoşuna çıxmadı. Bu əzəli Azərbaycan torpaqlarından çıxmağa məcbur edildi. Ali Baş Komandan İlham Əliyev iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu. Bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı.

Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. O zaman Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.

Aradan 28 ildən artıq müddət keçdikdən sonra – 2020-ci il dekabrın 1-də Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin faktiki olaraq məhz özünün hərbi-siyasi yolla yerinə yetirilməsini başa çatdırdı. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və 1924-cü ildə təsis edilən rayona və onun mərkəzinə yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə Laçın adı verilib. Laçın rayonunun ərazisi 1.84 min km²-dir. İşğaldan əvvəl rayonun əhalisi 65 430 nəfər olmuşdur.

Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. İşğaldan əvvəl rayonda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisəsi, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi olub. Son statistikaya görə, hazırda rayonun əhalisi 80 mindən çoxdur, laçınlılar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadirdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.

İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Laçın rayonu ərazisində basdırılmış minalar Böyük Qayıdış üçün ciddi çətinliklər yaradır. Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ və Şərqi Zəngəzur bölgələrini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, bu il avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Cavid Əkbərov, “İki sahil”