Dövlət başçısı İlham Əliyevin iki il bundan əvvəl qarşıya qoyduğu bu hədəf artıq reallığa çevrilir
Düzgün qurulan siyasət hər bir ölkənin qarşısında geniş imkanların açılmasında əsas faktordur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixi Zəfərinə yol açdı. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir və siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsində mühüm rol oynayır. Ölkəmiz möhtəşəm Qələbəsi ilə regionun və dünyanın siyasətində dəyişiklikləri bir zərurətə çevirdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır.
Qeyd etdiyimiz kimi, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi, iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin, yüksək diqqətinin artan marağının əyani ifadəsidir.
Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, ötən ilin aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu ilin aprelin 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılandı.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans da bu qəbildəndir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən çıxışından sonra iştirakçıların iki saat yarımdan artıq 16-dan çox suallarını cavablandıraraq perspektivləri açıqladı.
Konfransda da bir daha bu reallıq önə çəkildi ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri müasir tələblər çərçivəsində həyata keçirilir. Dövlət başçısı İlham Əliyev bununla bağlı sualı cavablandırarkən bildirdi ki, azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər: «Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik.»
O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman idarəçilik sistemində təkmilləşmə prioritet məsələ kimi öndə dayandı. İlk olaraq Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Prezidentin şəxsi nümayəndəliyi fəaliyyətə başladı. Bu prosesin səmərəliliyinin artırılmasında, nəzarətin gücləndirilməsində əhəmiyyətli rola malikdir. Dövlət başçısı sözügedən konfransdakı çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, azad edilmiş ərazilərdə bizim ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var. Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik.
Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin Ümumi Planı artıq təsdiqlənib. Azad edilmiş torpaqlarda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək məqsədilə əkin işlərinə başlanılıb, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən dağıntıları deyil, müasir tələblər səviyyəsində qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik.
İstər ölkə daxilində vətəndaşlarımızın, istərsə də xarici qonaqların, səfirliklərin, qeyri-hökumət təşkilatlarının, mətbuat nümayəndələrinin bu ərazilərdə tanışlıqlarına, onlarda törədilən dağıntıları, erməni vəhşiliklərini öz gözləri ilə görmələrini təmin etmək üçün görülən sistemli işlər göz qabağındadır. Bütün işğaldan azad edilmiş ərazilərimizə avtobus reyslərinin açılması nəzərdə tutulur. Hazırda Şuşaya, Ağdama, Füzuliyə avtobus reysləri açılıb. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ildə işə salınması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatında mühüm rol oynayır.
Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli mənzərənin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Artıq iki ildir dünya qalib Azərbaycanın yaratdığı reallıqları qəbul edir və onların həyata keçirilməsi istiqamətində dəstəyini ifadə edir. Qalib Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün tarixi Zəfərinin ilk günündən Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edərək onun reallığa çevrilməsi üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirir və qarşı tərəfdən də bunu tələb edir.
Qeyd etdiklərimiz son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin yalnız az bir hissəsidir. Əsas olan budur ki, Azərbaycan dünya hərb tarixində ilkə imza atdı. Müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə start verməklə, həm də qurucu xalq, dövlət olduğumuzu, bu torpaqların bizə məxsusluğunu bir daha dünyaya nümayiş etdirdik.
Dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarının «Sizi gecə yatmağa qoymayan nədir» sualına böyük əminliklə verdiyi cavab da günümüzün reallıqlarını özündə əks etdirir. «Mən gecə rahat yatıram və oyaq qalmıram. Yox, həqiqətən belədir. Elədir ki, var. Gecə oyanmaq üçün mənə səbəb yoxdur. Xüsusən də indi, belə bir dinc şəraitdə» söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan iki ildən çoxdur ki, o işğalın ağırlığını öz üzərindən atıb: «Eskalasiya riski yoxdur, çünki ola bilsin, siz eşitmisiniz ki, işğal zamanı Ermənistanın yüksəkrütbəli rəsmiləri bizi “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyirdilər. Bu, hazırda cənab Paşinyanın həbs etdirdiyi Ermənistanın keçmiş müdafiə nazirinin kəlamıdır. Lakin həmin sözlər Azərbaycana açıq təhdid idi. Başqa çox yekəxana şərhlər də səsləndirildi ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaqlar. Əslində, bu lovğa şərhlər reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır. Beləliklə, bu cür möhtəşəm Qələbədən sonra, gecəni yatmaq üçün istifadə etməməyin səbəbi yoxdur.»
Qısa təhlil Azərbaycanın hazırkı inkişaf dövrünün hər kəsi məmnun edən şəkildə davam etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev daim regionlarda görülən işlərdən bəhs edərkən bu fikri xüsusi qeyd edirdi ki, əgər əhali görülən işlərdən razı qalarsa, mən də olacağam. Bu gün dövlət başçısı İlham Əliyev gecəni yatmaq üçün istifadə etməməyin səbəbi olmadığını vurğulamaqla görülən işlərdən özünün də razı qaldığını təsdiqləyir. Hara baxsaq yeni texnologiyaların yaratdığı reallıqları görür və bundan məmnun qalırıq. Dövlətin həyata keçirdiyi siyasətinin əsas hədəfi də məhz vətəndaş məmnunluğunun artırılması, «Güclü dövlət, yüksək rifah» prinsipinin qorunmasıdır.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası