ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran növbəti platforma oldu
ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış siyasətçilərin, politoloqların iştirak etdikləri konfrans dünya siyasətinin aktual məsələləri, Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları ilə bağlı maraqlı müzakirələrlə yaddaşlarda qalmışdır. Konfransda qlobal əhəmiyyətə malik infrastruktur olan Zəngəzur, Şərq-Qərb dəhlizlərinin nəqliyyat imkanları, regional yükdaşımalarının genişləndirilməsində və şaxələndirilməsində yaranacaq geniş imkanlar barədə faydalı fikir mübadiləsi aparılmışdır.
Konfransdakı çıxışında qlobal və regional səviyyədə geosiyasət, təhlükəsizlik və iqtisadiyyatla bağlı istənilən beynəlxalq layihələri dünyada sabitliyin qorunması baxımından aktual adlandıran Prezident İlham Əliyev Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın təşəbbüslərilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin həyata keçirilməsini ölkəmizin xarici siyasətinin, güclənən iqtisadi potensialının məntiqi nəticəsi kimi diqqətə çatdırıb.
Dünyanın tanınmış tədqiqatçılarının, Cənubi Qafqaz üzrə araşdırmaçıların Şərq-Qərb, Orta Dəhliz məsələləri ilə bağlı suallarını dəqiq, ünvanlı, gələcəyə hesablanmış perspektivlər əsasında cavablandıran Prezident İlham Əliyev birgə əməkdaşlığın vacibliyini «Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq» sözləri ilə açıqlamaqla beynəlxalq siyasətin aktual mövzularından olan Zəngəzur dəhlizinin bərpası, mövcud vəziyyətlə bağlı fikirlərini də konfrans iştirakçılarının diqqətinə çatdırıb: «Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək.»
30 il ərzində erməni işğalından əziyyət çəkmiş ərazilərin, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində aparılan bərpa- quruculuq işlərini, yol-nəqliyyat infrastrukturunun yenilənməsini görülən işlərin təməli adlandıran dövlət başçımız regional əməkdaşlığa töhfə olan, Azərbaycanın, Ermənistanın, Gürcüstanın, Türkiyənin, İranın, Rusiyanın iştirakını nəzərdə tutan 3+3 formatının əhəmiyyətini diqqətə çatdırıb. Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutların və layihələrin coğrafiyası ilə bağlı ölkəmizin qarşılıqlı əməkdaşlığa xidmət edən səylərinin regionda sabitliyin qorunmasına töhfə verəcəyini bildirib.
Ötən ay Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən dördtərəfli görüşdə də qeyd olunmuşdu ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın konkret mövqeyini əks etdirən anlaşma hələ ortada yoxdur. Praqa görüşündən sonra yerli telekanallara müsahibəsində bu məsələyə də aydınlıq gətirən dövlət başçımız «Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”» sözləri ilə dəhlizin aqibəti ilə bağlı qəti mövqeyini bildirib. Mövqe isə aydındır: Ermənistan istəsə də , istəməsə də Zəngəzur dəhlizi açılacaq.
Artıq bütün dünya dövlətləri də aydın başa düşür ki, bu yol təkcə Ermənistandan keçərək, Azərbaycanla Naxçıvanı quru yolla birləşdirəcək dəhliz deyil. Regional və beynəlxalq yükdaşımalar üçün ən sərfəli və səmərəli infrastruktur olan Zəngəzur dəhlizi beynəlxalq və regional əhəmiyyətə malik ciddi layihədir. Ona görə də dəhlizin açılması ilə bağlı müzakirələrin intensivləşməsi günün tələbidir. Zəngəzur dəhlizinin açılması məhz sərhədlərin tanınmasından, delimitasiya və demarkasiya proseslərindən keçir. Çünki Azərbaycan sərhədindən çıxan dəhliz hər iki tərəfdən müvafiq qurumlar tərəfindən qorunaraq, Naxçıvana və digər istiqamətə gedəcək. Ermənilər cidd-cəhdlə çalışırdılar ki, dəhliz onların gömrük yoxlamaları, sərhəd nəzarəti əsasında yaradılsın. Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanla həmrəy olan İranın layihəyə qeyri-səmimi yanaşmasının da əsası yoxdur. Çünki bu dəhlizin bərpası Ermənistanla İran arasında sərhədi bağlamır. Zəngəzur dəhlizinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq səviyyədə dəstəklənən mövqeyi Ermənistanın revanşist qüvvələrini qıcıqlandırır. Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycanın dünyada möhkəmlənən nüfuzu ilə barışmaq istəməyən qüvvələr, dairələr, 2020-ci ilin 10 noyabr Bəyanatına əməl etməyən erməni quldurlarından ibarət silahlı dəstələr törətdikləri hərbi təxribatlarla dəhlizin bərpasına mane olurlar. «Fərrux», «Qisas» əməliyyatlarından, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən dərs almayan işğalçı dövlət son şansı olan Zəngəzur dəhlizinin açılması ilə bağlı əsassız iddiaları ilə vaxtı uzadır. Reallıq isə budur ki, ermənilər bir daha Qarabağa göz dikə bilməyəcəklər. Qarabağ Azərbaycan torpağı olub və belə də qalacaq. Rus sülhməramlılar isə orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir. Tarixi hadisələr də təsdiqlədi ki, işğalçılar əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər. Bu xəbərdarlıq Zəngəzur dəhlizinin açılmasına mane olan bütün tərəflərə aiddir. İkinci Qarabağ müharibəsindən iki il keçməsinə baxmayaraq Ermənistan hələ də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmir. Dəhlizin bərpası üçün yol-infrastruktur layihələri əsasında inşa işlərini davam etdirən Azərbaycandan fərqli olaraq Ermənistan tərəfindən texniki-iqtisadi əsaslandırma işlərinə nəinki başlanılmayıb. Əksinə, erməni silahlılarının mütəmadi törətdikləri təxribatlarla işlərə əngəl törədilir. Bu təxribatın müəllifi Ermənistantana himayədarlıq edən Fransadır. «Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizə bu cür səmimi münasibət beynəlxalq arenada özünü ləyaqətlə aparan Azərbaycana etimadın ifadəsidir. Azərbaycanlılar qalib dövlətin, qüdrətli ölkənin vətəndaşları adını daşıdıqları üçün qürur hissi duyurlar. Bu hissi xalqımıza yaşadan, Zəngəzur dəhlizinin açılmasında qətiyyət göstərən dövlət başçımız İlham Əliyevdir.
Belə bir müdrik ifadə vardır: «Böyük söz söyləmək yalnız belə cəsarətə sahib böyüklərə məxsusdur.» Başqa sözlə deyilsə, sözünə imzası qədər dəyər verən, müasir dünya siyasətinin liderlik fəlsəfəsinin müəllifi Prezident İlham Əliyev kimi!
Xuraman İsmayılqızı, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası