Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında bir daha göstərdi ki, qətiyyətli və tam müstəqil siyasət yürüdür. Belə ki, həmin tədbirdə ölkəmizin başçısı birmənalı olaraq Azərbaycanla Ermənistanın danışıqlarına Fransa Prezidenti Emmanuel Makronun burnunu soxmaq cəhdlərinə növbəti dəfə sərt reaksiya verdi. Dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşünü pozduğunu bəyan edərək bildirdi ki, Ermənistan rəhbəri, Brüssel görüşündə yalnız Fransa Prezidenti Makronun da qatılacağı təqdirdə iştirak etməyə razılaşıb. Belə bir şərtin irəlü sürülməsi isə Azərbaycan üçün qəbuledilməzdir. Birincisi, Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilir. Fransa prezidentinin bu müzakirə formatına heç bir aidiyyəti yoxdur. Fransanın Ermənistan üzərindən bu formata yerləşmək cəhdləri absurddur. Çünki bu, Brüssel prosesində indiyə qədər əldə olunmuş müsbət nəticələri böyük risk altına ata bilər.
Digər tərəfdən, Fransa birmənalı şəkildə ermənipərəst dövlət olduğundan Brüssel prosesinə qatılması mümkün deyil. Çünki bu ölkənin tərəfsizlik prinsiplərini kobud şəkildə pozması Brüssel formatında balansı dəyişə bilər. Yəni, Brüssel prosesində yalnız tərəfsiz vasitəçilərin sayəsində sülh müqaviləsinin imzalanmasına doğru addım atmaq mümkündür. Fransa isə tərəfsiz olmadığını və ermənipərəst mövqe tutduğunu hətta gizlətməyə belə ehtiyac duymur.
Nəhayət, Azərbaycan lideri Makronun məlum qərəzli açıqlamalarından sonra Fransanın daha heç vaxt Cənubi Qafqazda sülh prosesinə qatıla bilməyəcəyini bəyan edib. Yəni, ölkəmiz Fransanın Cənubi Qafqaza yaxın düşməsinə heç bir halda imkan vermək niyyətində deyil. Görünən odur ki, Ermənistan da məhz bu məqamdan yararlanmaqla Brüssel görüşündə iştirakdan yayınmağa cəhd göstərir.
Paşinyanın Makronun Brüssel görüşündə iştirakı ilə bağlı şərt irəli sürməsində iki məqsədi var: Birincisi, rəsmi Bakıya təzyiq göstərilməklə Cənubi Qafqazda Fransaya geniş imtiyazlar qazandırmaq, ikincisi isə ölkəsinin Emənistanı sülh danışıqlarından yayınması üçün vaxt əldə etmək…
Təbii ki, Azərbaycanın bundan sonra Makronu Cənubi Qafqaz üzrə danışıqlardakı iştirakdan məhrum etmək planı Ermənistana daha bir geopolitik zərbədir. Düzdür, Paşinyan da yaxşı anlayır ki, Prezident İlham Əliyev Fransa üçün Cənubi Qafqazın qapılarını bağlamaq iqtidarındadır. Ona görə də erməni baş nazir «böyük bacısı» olmadan Azərbaycan lideri ilə sülh danışıqları masası arxasında oturmaqdan çəkinir. Anlayır ki, sülh danışıqlarında şərtlər məhz Azərbaycan lideri tərəfindən diktə olunur. Ermənistan isə Fransanın iştirakı sayəsində ölkəmizin təzyiqlərini nisbətən yumşalda biləcəyinə ümid bəsləyir.
Ancaq Ermənistanın avantürist baş naziri anlamalıdır ki, bu gün istər Rusiya, istərsə də Fransa Ermənistanın nazı ilə müəyyən həddə qədər oynaya bilərlər. Yəni, Ermənistan sülh danışıqlarından yayınmağa davam edərsə Azərbaycan birbaşa Xankəndinə yönəlik antiterror əməliyyatlarına başlaya bilər. Bunun üçün iqtisadi gücümüz, qüdrətli ordumuz var. Məhz bu zaman Makron Ermənistanı Azərbaycanın dəmir yumruğunun sərt zərbəsindən qoruya bilməyəcək.
Elçin Zaman, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası