Rəqəmsallaşma həyatımızın ayrılmaz hissəsidir
Avtomatlaşdırma və rəqəmsallaşdırma insanların işini asanlaşdırmaq üçün obyektlərin, proseslərin yeni sistemlə əvəz edilməsi deməkdir. Rəqəmsal transformasiya isə adətən daha dərin və mürəkkəb prosesdir.
Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi dövrlərdə rəqəmsal texnologiyalar öz əsas rolunu daha da artırdı. Bir sıra mütəxəssislərə görə, hətta COVID-19 pandemiyası rəqəmsallaşmanın xidmətləri əhəmiyyətli dərəcədə təkmilləşdirə və imkanları genişləndirə biləcəyini nümayiş etdirdi. Bildirilir ki, rəqəmsal texnologiyaların ticarət, maliyyə və kənd təsərrüfatı sahələrinə inteqrasiyası, bir sıra yeni iş yerlərinin, xüsusilə də qadınlar və gənclər üçün yeni iş yerlərinin yaradılmasına kömək edə bilər. Bu və digər məsələlərlə bağlı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzv ölkələrdə rəqəmsallaşmanın təşviqi üçün strategiya hazırlayıb. Onu da qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir.
Həmçinin iqtisadi artımı və insan kapitalının inkişafını stimullaşdırmaq üçün “CAREC Rəqəmsal Strategiya 2030” regionda rəqəmsal texnologiyaların genişləndirilməsinə yönəlmiş sistemli yanaşma təqdim edir. 2021-ci ildə Azərbaycan hökumətinin ev sahibliyi ilə keçirilən 20-ci Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) Nazirlər Konfransında iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd etdi ki, “CAREC Rəqəmsal Strategiya 2030”, ölkə rəhbərliyinin təşəbbüsü ilə baş verən dəyişikliklərə öz töhfəsini verəcək.
Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Respublikamızda “hökumət buludu”nun yaradılması bir sıra müasir çağırışlarla bağlıdır. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını şərtləndirən amillər sırasında yer alır.
Prezident İlham Əliyevin ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. Artıq uzun müddətdir fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri bir çox sahələrdə uğurlu formul kimi çıxış edir. “ASAN xidmət”də “Vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürülüb və bu model dünyada Azərbaycan brendi kimi tanınıb. Dövlət başçısı İlham Əliyev çıxışlarında ölkədə aparılan islahatlar proqramında innovativ texnologiyaların istifadəsini prioritet məsələlərdən biri adlandırır. Ölkəmiz bu sahədə nəinki regional liderdir, həm də bütün Avrasiya məkanında innovasiyalar sahəsində böyük nailiyyətlərə imza atıb. Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri böyükdür. İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş yer verilir. O cümlədən Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan “ağıllı kənd” pilot layihəsi maraq doğurur. Kənddə layihənin icrası əsasən, 5 komponent üzrə - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri həyata keçirilir.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də ölkəmizi qlobal internet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması, “Google”, “Amazon”, “Alibaba”, “Tencent”“, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması, Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılması kimi üç əsas blokdan ibarətdir. “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycana deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır.
Günel Eyyubova, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası