İlham Əliyev: Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir
Bütün dünya, eləcə də mollakratiya rejiminin rəsmiləri yaxşı bilir ki, Azərbaycan amili olmadan İranı bir dövlət kimi təsəvvür etmək çox çətindir. Çünki qoca tarix bunu dəfələrlə sübut edib. Belə olan halda görəsən, nədən bəs bu gün İranda 35 milyondan artıq azərbaycanlının olması faktı rəsmi Tehran tərəfindən böyük təhlükə olaraq görülür? Bu “təhlükə” deyəsən İranı o qədər qorxudur ki, cənublu soydaşlarımızın ən adi hüquqlarını belə əllərindən almaqdan çəkinmir. Məsələn, milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində soydaşlarımızın ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrəncliyini açıq şəkildə ortaya qoyur.
Bütün bunların fonunda belə bir sual ortaya çıxır: Görəsən, nədən İranda 200 min erməninin 50-dən çox məktəbi olduğu halda 35 milyon azərbaycanlı hələ də fars dilində təhsil alır? Nə üçün erməni dilində mətbuat, universitet, məktəb və sairə fəailiyyət göstərir, ancaq zaman-zaman İran üçün qan tökən, onun güclənib inkişaf etməsində mühüm rol oynayan azərbaycanlılara bunların hamısı qadağan olunur? Bu ölkədə yaşayan soydaşlarımızın mədəni hüquqlarının pozulması bizi birmənalı narahat edir. Təbii ki, bizim bu narahatlığımız qətiyyən İranın daxili işlərinə qarışmaq kimi başa düşülməməlidir. Biz cənub qonşumuzla münasibətlərimizi pozmadan, qonşuluq əlaqələrini qoruyaraq çox haqlı olaraq orada yaşayan soydaşlarımızın mədəni hüquqları haqqında düşünürük və düşünməliyik də. Çünki bu, bizim mənəvi borcumuzdur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu, necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır- biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.
Dövlət başçısı, həmçinin bildirib ki, İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır.
Danılmaz faktdır ki, bu gün fars-molla rejimi İranda tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistlər hələ də səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırırlar. Çünki türk-azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, azərbaycanlıların tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusudur.
Sirr deyil ki, İran və Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür isə onlar arasındakı bağları daha da artırır. Əgər belə olmasaydı özünü dünya müsəlmanlarının, şiələrin müdafiəçisi kimi göstərməyə çalışan, müsəlmançılıqdan ağızdolusu dəm vuran İranın rəhbərləri Xocalı soyqırımını törədən, əli müsəlmanların qanına bulaşan qatı erməni terrorçusunu- Ermənistanın sabiq dövlət başçısını öpüb bağrına basmazdı.
Bəli, məhz İranda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra yaranan qorxunun nəticəsidir ki, müharibədən sonra da bu ölkədən Xankəndiyə qatar-qatar TIR yola salınırdı. İranın bu yaxınlarda sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçməsi isə tamamilə anti-Azərbaycan xarakter daşıyırdı. Hərbi təlimlərdəki pantonlar vasitəsilə Araz çayının üzərindən ağır hərbi texnikanın keçirilməsinin nümayiş etdirilməsi isə molla rejiminin açıq-aşkar təhdidi idi. Hər kəs yaxşı anlamalıdır ki, bu gün İranda müstəqil və güclü Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparanların aqibəti heç də yaxşı olmayacaq.
Prezident İlham Əliyev bildirib ki, heç vaxt İran Azərbaycanla sərhəddə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi: “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Zahid Rza, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası