2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına qarşı Azərbaycan Ordusu tərəfindən başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da zəfərlə başa çatdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlubiyyətini qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq təslim olduğunu bildirdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyanatın 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Qeyd edək ki, bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü.
Bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıblar. Ermənistanın işğalı müddətində də Laçın şəhəri və rayonun yaşayış məntəqələri talanıb, darmadağın edilib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Sözügedən Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Laçın rayonunun sakinləri tezliklə öz doğma yurdlarına qayıdacaqlar.
Sevinc Azadi, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası