Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəlləri müasir Azərbaycan tarixinin ən ziddiyyətli və keşməkeşli dövrünü əhatə edir. Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən Azərbaycan həm daxili, həm də xarici qüvvələrin siyasi hücumuna məruz qalmışdı.
Qütübləşmiş siyasi qüvvələrin bir cinahından Moskvadan asılılıqdan xilas ola bilməyən həmin dövrün hakimiyyətində təmsil olunan satqın nümayəndələr, digər cinahda isə yalançı vədlər verməklə kütlənin müəyyən bir hissəsini ələ alan və ölkəni uçuruma sürükləyən Azərbaycan Xalq Cəbhəsi adlı bir təşkilatın başında duran cahil adamlar dayanırdı. Ölkə hər gün bir qədər də parçalanmağa, məhv olmağa doğru gedirdi.
Belə bir acınacaqlı durumda yeni təcrübəli, parlaq və tükənməz, hər tərəfli bacarığı olan şəxsiyyətə, əvəzsiz liderə ehtiyac duyulurdu. Bu yalnız Ümummilli lider Heydər Əliyev və onun qurucusu olduğu Yeni Azərbaycan Partiyası ola bilərdi.
Ulu Öndərin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçilik məktəbidir. Ulu Öndər Heydər Əliyevin ideyaları bu partiyanı daim möhkəmləndirmiş, onun siyasi fəaliyyətində düzgün istiqamətdə davam etməsini müəyyənləşdirmişdir. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında partiya hər zaman uğurlu fəaliyyətini davam etdirmişdir. Bunun nəticəsində də xalqımız çox böyük uğurlar əldə edib, keyfiyyətcə və inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atmaqdadır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” –deyən cənab İlham Əliyev həqiqətən son 19 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu səbəbdən də keçirilən bütün prezident seçkilərində xalqımız həmişə yekdilliklə ölkəni surətlə inkişaf etdirən, xalqın xoşbəxt gələcəyinə təminat verən Heydər Əliyev siyasi kursunun təntənəsinə, Yeni Azərbaycan Partiyasının sədrinə səs verir. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin və əzimkar fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yeni və daha yüksək mərhələyə çatmışdır. Tarixi ərazilərimiz düşmən işğalından azad edilmişdir.
Milli-mənəvi dəyərin qorunub saxlanması və onların dünya ictimai baxışına təqdim edilməsi, görkəmli şəxsiyyətlər barədə dünyanı bilgiləndirmək, respublikada qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin, istər mədəni, istərsə də idman sahəsində keçirilən yüksək səviyyəli tədbirlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən proqramlar, strateji siyasi xətt ümumilikdə xalqımızın bütün təbəqələrinin, vətəndaşlarımızın daha firəvan və rahat yaşayışının təmin edilməsinə, ölkə iqtisadiyyatının dinamik inkişafına və bununla da xalqımızın xoşbəxt yaşamasına yönəlib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz surətli inkişaf edir və rəhbəri olduğu Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla çıxır.
Möhtərəm İlham Əliyevin əməli fəaliyyətinə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz buna görə də Azərbaycan xalqı özünün firəvan gələcəyinin təminatçısı olan bu siyasətə daima və milli həmrəylik göstərir.
Azərbaycan Prezidenti ölkənin ən böyük problemi olan Qarabağ problemini həll etməklə, özünün böyük sərkərdəlik, dövlətimizin gücünü bütün dünyaya göstərdi. 44 gün çəkən müharibədə Azərbaycan Ordusu möhtəşəm zəfər qazandı. Bu müharibədəki qalibiyyət həm də Yeni Azərbaycan Partiyasının siyasi nüfuzunu yüksəltdi.
YAP-ın yarandığı dövr ağır, məşəqqətli dövr idi. Bu barədə yuxarıda bəhs etsəm də bir daha həmin dövrü səciyyələndirməyi lazım bilirəm. Bu tarix Azərbaycanın müstəqillik dövrü ilə suverenliyinin qorunması, Ermənistanın Azərbaycana təcavüzünün artdığı və torpaqlarımızın işğal edilməsi ilə eyni dövrdə Azərbaycanda bir sıra siyasi təşkilatlar, qruplar da təşəkkül tapmağa başlamışdır. Lakin bütün bunlar ölkəmizə olan hücumlar, daxili çəkişmələr fonunda baş verirdi və müstəqillik tariximizin çox ağır dövrü idi.
Məhz belə bir vaxtda YAP Ulu öndərin rəhbərliyi altında yaranıb xalqın iradəsi və onun ətrafında birləşməsi ilə möhkəmlənib ərsəyə gəldi. YAP yuxarıda qeyd olunan faktların hər birinin mövcudluğu zamanında yaranaraq, çoxpartiyalılığın formalaşması, vətəndaş cəmiyyətinin güclənməsi, erməni təcavüzünün aradan qaldırılması üçün xalqın partiyasına çevrilə bildi. YAP yaradılarkən onun qarşısında duran tarixi-siyasi məsuliyyəti Ulu öndər dərindən təhlil edərək onun möhkəmlənməsinin ideya-nəzəri əsaslarını müəyyənləşdirdi.
Onu da xüsusi qeyd etmək lazımdır ki, YAP-ın yarandığı ərəfədə, istərsə də ondan sonrakı dövrlərdə YAP-ın nizamnamə və məramnaməsində olan yeni, modern, xalqın istək və tələbatların, gələcək məqsədlərini aydın təsviri digər yeni partiyalar üçün də örnək oldu. YAP nizamnamə və fəaliyyətini milli-mənəvi dəyərlərimizin özünəməxsus çalarları ilə bərabər müasir dünyanın ən mühüm ictimai-siyasi inkişaf paradiqmaları ilə həmahəng quran bir partiya oldu. Siyasi mədəniyyətin mühüm komponenti milli-dövlət simvolları və ideyalarıdır. Burada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun və millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülməlidir.
Siyasi mədəniyyətin bir tərəfi də dövlət simvolları ilə xarakterizə oluna bilər. Doğrudan da dövlət bayrağı, himn, konstitusiya, bayramlar, pul nişanları, gerb və s. kimi simvollar tarixən həmişə dövlətin ümumi atributları kimi onu möhkəmləndirməyə xidmət etmişdir.
Mühüm və siyasi simvolları özündə ehtiva edən YAP bütün tarixi sınaqlardan üzüağ və qalib olaraq, öz məqsədlərinə çataraq çıxmışdır. Azərbaycanın dövlət rəmzlərinin qorunması həm də YAP-n uğurudur.
Azərbaycan Prezidenti İlham Əliyevin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu vardır. Bu gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqla ünsiyyəti, ölkənin müxtəlif ictimai-siyasi institutlarına, ziyalılarına olan münasibəti bu siyasi mədəniyyətin hamıda formalaşması üçün əsl nümunədir. Hərbi strategiya, qüdrətli ordu formalaşdırma, insan kapitalının inkişaf etdirilməsi, əhalinin sağlamlıq proqramı, təhsil ənənələrini möhkəmləndirilməsi də geniş mənada siyasi mədəniyyətin tərkib hissəsinə aiddir. Bu gün tam qətiyyətlə deyə bilərik ki, bu və ya digər prioritetlər, istiqamətlər və hədəfləri Azərbaycanda təşəkkül tapması Yeni Azərbaycan Partiyası və onun qurucusu Ulu öndər Heydər Əliyevin, eləcə də bu gün onun miras qoyduğu azərbaycançılıq ənənələrini layiqincə davam etdirən YAP sədri, Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
Bu gün Azərbaycan ailəsi vətənpərvər, igid oğulların, qızların boya-başa çatdığı mühüm təsisat olaraq hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar ki, bu sitemin uğrunda YAP-ın əvəzsiz xidmətləri vardır. Yeni Azərbaycan Partiyası istər Ulu öndərimiz Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də o ənənə davam edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firəvan yaşamasını təmin edir. Yeni Azərbaycan Partiyasını ölkənin və regionu ən güclü partiyasına çevirir.
Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin zamanında uzaqgörənliklə təsis etdiyi, Yeni Azərbaycan Partiyasına dəqiq və dürüst yön verməsi, onu Azərbaycan naminə doğru istiqamətləndirməsi ilə əlaqədardır. Hər şey “91-lər”in müraciət əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə başladı.
Yeni Azərbaycan Partiyasının yaranışı Azərbaycan siyasi mühitinə yeni nəfəs gətirdi, bir çox dəyərlərin təsbit olunmasında lokamativ rolunu oynadı.
YAP zamanın tələbi olduğu üçün Xalqın partiyasına çevrildi. Bu gün YAP-n taleyi xalqın taleyi ilə eynilik təşkil edir.
YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Azərbaycan var olduqca Yeni Azərbaycan Partiyası da var olacaqdır.
Şəhla Xəlilova,
Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası