Məlumdur ki, ekoloji terror – hər hansı ölkə və ya şəxs tərəfindən digər ölkənin təbiətinə, ətraf mühitinə, o cümlədən flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, soyqırımlar və müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı münaqişələr zamanı təbiəti və ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.
Hamıya məlumdur ki, Azərbaycanın füsunkar və dilbər guşəsi, dünyada çox nadir və təkrarolunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ torpaqları uzun illər düşmən tapdağı altında olmuşdur. Nəhayət, II Qarabağ müharibəsi zamanı bu torpaqlar işğaldan azad olundu. Vətən müharibəsi nəticəsində eyni zamanda, yalnız Azərbaycan üçün endemik olan, dünyanın heç bir yerində təbii halda rast gəlinməyən bir çox bitki növləri ilə yanaşı, heyvan növləri də düşmən tapdağından azad edildi. Bundan əlavə olaraq bu ərazilərdən keçən təbii su mənbələrimiz Oxçuçay və Ağstafaçay, Bərgüşad çayı, Həkəriçay və digər çaylar ermənistan tərəfindən ən ağır formada çirkləndirilmiş və nəticədə bu çayların canlı aləmi, demək olar ki, məhv olmuşdur. Ən acınacaqlısı isə Bərgüşad çayı Ermənistan ərazisində yerləşən iri yaşayış məntəqələrinin sənaye və məişət-çirkab suları ilə çirklənmiş və çayın zəngin balıq növləri ermənilər tərəfindən talan olunmuş, kimyəvi maddələrlə kütləvi şəkildə qırılmışdır. Eyni zamanda erməni işğalçıları Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının ərazilərini düşünülmüş şəkildə od vuraraq yandırmışlar. Qəsdən törədilmiş yanğınlar nəticəsində meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüş, ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan dəymişdir. Şuşa meşələrinin yandırılması zamanı ağ fosforlu top mərmilərindən istifadə edilmişdir. Bu silahlardan istifadə insan sağlamlığı üçün də təhlükəlidir. Dəri vasitəsilə sorulan fosfor insan bədənində uzun müddət qala bilir, bir sıra daxili orqanları zədələyir, yaxud ölümlə nəticələnir. Göründüyü kimi, II Qarabağ müharibəsi zamanı işğaldan azad olunan Qarabağ və ətraf ərazilər uzun illər erməni işğalçıları tərəfindən tarixi, mədəni abidələrin dağıdılmasına, flora və faunanın bir çox növlərinin məhvinə və ətraf mühitin çirklənməsinə məruz qalmışdır.

Bir sözlə erməni vandalizmi 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalmış və talan edilmişdir. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılmışdır. Ümumiyyətlə, ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilmişdir.
Ümumiyyətlə ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərdə ətraf mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara əməl edilməyib. İşğaldan azad edilən ərazilərdə monitorinqlər zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin xüsusilə də onların daşınmasında ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və hərbi texnikasından istifadə edilməsinin şahidi olduq. Bir sözlə qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilmişdir.
Torpaqlarımızın geri qaytarılması nəticəsində Qarabağ və ətraf rayonların canlı aləmi mənfur düşmənin ekoloji terrorundan qurtulmuşdur. Bu gün Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır. Müasir dövrdə təbiətdən istifadə nə qədər aktualdırsa, onu qorumaq, bərpa etmək bir o qədər əhəmiyyətlidir. İnanırıq ki, yaxın gələcəkdə birlikdə bu ərazilərin canlı aləminin bərpasına nail olacağıq !
Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası