25 noyabr 2022 09:39
343

Könül Nurullayeva: Kəlbəcərdə mükəmməl hərbi infrastrukturun qurulması  Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir

44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbə Kəlbəcər kimi mürəkkəb relyefə malik olan bölgəmizin 1 güllə atmadan azad olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 25-də Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Xatırlatmaq yerinə düşər ki, işğal zamanı Kəlbəcərin bütün maddi-mədəni sərvətlərini talayan Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən rayon ərazisində qanunsuz məskunlaşdırılma siyasəti həyata keçirmişdi. 
Müharibənin başa çatmasından ötən 2 il ərzində bütün azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərdə infrastruktur bərpa olunur. Son iki ildir, faktiki Kəlbəcərin yeni inkişaf dövrü başlayıb. 

Deputat bildirib ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da yeni hərbi hissələr istifadəyə verildi, komando hərbi birləşmələri yaradıldı. Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir. 
Eyni zamanda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. Kəlbəcərin təbii enerji potensialına gəlincə, xarici şirkətlər tərəfindən burada külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər var. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilib. Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Kəlbəcərdə məşhur İstisu sanatoriyasının bərpası isə regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulduğunu göstərir. Əminliklə söyləmək olar ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər də ən inkişaf etmiş bölgələrimizdən birinə çevriləcək.