24 noyabr 2022 13:57
620

Kəlbəcərin zəngin tarixi və təbii ehtiyatları var

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən keçmiş Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi.Beləliklə, 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Kəlbəcər işğalçılardan azad edildikdən də sonra burdakı həyatı,bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələri, məbədləri bərpa edəcək, balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı