23 noyabr 2022 18:42
461

Şanlı Zəfər Kəlbəcərə parlaq gələcək üçün yollar açıb

Prezident İlham Əliyev Kəlbəcəri artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir

Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı.

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal müddətində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonunun sənaye əhəmiyyətli ehtiyatları çoxdur. Rayon ərazisində qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı, obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə “sarı metal”ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması fonunda Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə olunması ilə daha da artacaqdır.

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Rayon ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarixi abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar heç zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır.

Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdiriləcək. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ-çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Dövlət başçısı İlham Əliyev işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, yenidən qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazisində böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Torpaqlarımızın azadlığı kimi, bu işlər də qısa zamanda uğurla öz həllini tapacaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri