23 noyabr 2022 22:42
417

Özünü İslam dini adı altında təbliğ edən İranın ölkəmizin əleyhinə olan addımları səngimək bilmir

İslam dinindən siyasi ideologiya kimi istifadə edən İran Zəngəzur dəhlizinin yaranmasında da ən böyük müqavimət göstərən tərəfdir. Bu ölkə ülvi dini hisləri istismar etməklə öz maraqlarını həyata keçirməyə, başqa ölkələrin daxili işlərinə qarışmağa çalışır. Ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İranın Ermənistana pənah gətirməsi də, onun əsl iç üzünü ortaya qoyur. 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdı. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı aqresiv münasibət nümayiş etdirmişdir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. İran dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti ilə açıq şəkildə ölkəmizin daxili işlərinə qarışır və ölkə daxilindəki sabitliyi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar.  Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu bir daha təsdiq edir. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Azərbaycana qarşı yönəlmiş bu təxribatlar xalqımızda ikrah hissi oyadır. 

İranın Azərbaycan Respublikasına qarşı təxribatları, riyakar siyasəti ara vermir. Ən ilkin təəssürat odur ki, Azərbaycanın 44 günlük müharibədəki Zəfəri Ermənistandan çox İranı narahat edib. Bəli, məscidlərə donuz dolduran, monoetnik yapıya sahib (ərazisində tək bir müsəlmanın yaşamasına belə müsaidə etməyən) Ermənistanı, əhalisinin mütləq əksəriyyəti müsəlman (hətta İranın hakim ideoloji xəttini xatırlasaq, şiə məzhəbində) olan Azərbaycandan üstün tutur... Bir İslam Respublikası üçün bu nonsens olmalıdır. Əhalisinin yarıdan çoxu bizim soydaşlarımız olan bir ölkə üçün bu ağıslızlıqdır, nifrətdən ağır əziyyət çəkməyin ifadəsidir. Riyakar İran, daha dəqiqi Fars-Molla rejimi tolerant Azərbaycana qarşı monoetnik Ermənistanı “müdafiə” edir. Məgər 30 il içində Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini tanıdığını bəyan edən İran, İslamın müqəddəs ocaqlarını, “Allah ev”lərini təhqir edən, Xocalı Soyqımı kimi bir akta imza atmış təcavüzkar Ermənistana davamlı dəstək verib... Belə bir qonşuya etibar etmək olarmı? Belə bir qonşu ilə hansısa anlaşmaya varmaq asandırmı? Açıq-aydın görünür ki, Azərbaycanın tarixi Zəfərindən sonra, Ermənistanla Azərbaycan arasında anlaşmanın, ədalətli sülhün əldə edilməsini əngəlləyən dövlətlərdən biri məhz İrandır. Zəngəzur dəhlizinin gerçəkləşməməsi üçün min hoqqadan çıxan məhz İrandır. Bunlar hansı qonşuluğa, hansı ədalətə, hüquqa sığır? Məgər bunlar İslam dəyərlərinə daban-dabana zidd deyilmi? İranın etdikləri pislik deyilsə bəs nədir?

İran İslam Respublikası, daha dəqiqi Fars-Molla rejimi açıq təxribatlarla “gücə təhriketmə” siyasəti yürüdür. İranda nə İslamlıq, nə Respublikaçılıq qalıb? İran islam Respublikası elan olunandan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Əhalisinin mütləq əksəriyyətini öz ana dilində yazıb-oxumaq hüququndan məhrum edən ölkə məhz İrandır. Üstəlik, beynəlxalq hüquqa, inkişaf və tərəqqiyə tərəfdar olan, özü bir örnək təşkil edən humanist Azərbaycan Respublikasının sərhəddinə qoşun yığır, hərbi təlim keçmək adı ilə bizə hədə-qorxu gəlir. Doğrudur, İranın riyakarlığı yalnız bizə qarşı deyil, ümumən rəsmi Tehranın nüvəsi anti-Türk yoğrulub. Başqa ölkələrə “İslam ixracı”nı ideoloji-siyasi xəttə çevirmiş İran, öz əhalisini hətta adi insani hüquqlardan məhrum edir. Belə “İslam respublikası”, belə “müsəlman təəssübkeşi” və “mehriban qonşu” olarmı?

Biz yaxşı bilirik ki, İran Ermənistanın işğalı altında olan şəhər və kəndlərimizdə talançılıq siyasəti yürüdüb. Ermənistanla əlbir olan Fars-Molla rejimi 30 il içində bizim şəhər və kəndlərimizdəki bütün mülki infrastrukturu, mədəniyyət ocaqlarını, dini obyektləri, vətəndaşlara və dövlətə məxsus mülkləri dağıdıb, təbii sərvətlərimizə çox böyük zərər-ziyan vurub. Bax, İranın “din qardaşlığı”, “İslam həmrəyliyi” belədir...

Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının sədr müavini