23 noyabr 2022 12:20
402

Ökələrimiz arasında səmimi dostluq-qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir

Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlar, Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizi Cənubi Qafqaz regionunun ən etibarlı tərəfdaşına çevirib. Hazırda Azərbaycanın bir çox dövlətlərlə, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri yüksək səviyyədə davam edir. Bu ölkələrlə o cümlədən Albaniya ilə əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri də ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığına xidmət edir. Paytaxt Tiranadakı “Brigades” Sarayında dövlət başçısı İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay tərəfindən rəsmi qarşılanma mərasimi olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüş olub. Tiranada “Mother Albania” abidəsi ziyarət olunub. Görüşlər başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər, bir sıra vacib məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.  Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlət Başçımızın Albaniya səfəri həm də iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı. Səfər çərçivəsində , Prezident cənab İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə töhfə oldu.      

Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilmişdir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab etmişlər. Yüksələn xətlə ölkələrimiz arasında siyasi dialoqun inkişaf etməsi şərqi Avropa ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa daha da, böyük töhfələr verəcək. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılmışlar. Azərbaycan ilə Albaniya arasında diplomatik əlaqələr 1993-cü ilin sentyabrın 23-də qurulmuşdur. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Noyabrın 15-də Albaniyaya dövlət səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr də iki ölkə arasında əlaqələrin inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, Azərbaycan xarici siyasət kursunda digər dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.  Azərbaycana Vətən müharibəsində, haqq savaşında göstərdiyi dəstək də Albaniya ilə əlaqələrimizin səmimi olaraq daha da yaxınlaşmasına səbəb oldu. Çünki Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan 30 ilə yaxın misilsiz vandallıqla işğal altında saxlanılan torpaqlarını azad edərkən, verdiyi haqq mücadiləsində dost, qardaş ölkələrin siyasi və diplomatik dəstəyini heç bir zaman unutmur və unutmayacaq. Bu mənada, Albaniya rəsmiləri Azərbaycanı tarixi zəfərə aparan Vətən müharibəsində verdikləri açıqlamalarla hər zaman dəstəkləyiblər. Azərbaycan ilə  Albaniyanın "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlığı iki ölkənin iqtisadi əlaqələrin əsas istiqamətidir. 2020-ci ilin 31 dekabr tarixindən qazının nəqlinə başlanılan TAP boru kəmərinin tikinti işlərində Albaniya podratçı şirkətləri yaxından iştirak ediblər. TAP layihəsi ümumilikdə Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırdıb. Hazırda "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi olan TAP və TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Bu da onu göstərir ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Ölkə Prezidentimiz cənab İlham Əliyev Albaniyada çıxışı zamanı Azərbaycanın həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına da töhfə verə biləcəyini qeyd edərək bildirib ki, bu ölkədə indiyədək qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və buna hazırdır. Albaniya Prezidenti Bayram Beqay da öz növbəsində səfər barədə yüksək təəssüratlarının yarandığını qeyd etdi. Belə yüksək səviyyəli səfər münasibətlərin inkişaf etdirilməsinin, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı iradəmizin təzahürü olduğunu diqqətə çatdırdı.  Ölkə Prezidentimiz İlham Əliyevin Albaniyaya ilk səfəri iki ölkə arasında əməkdaşlıqda yeni səhifələr açdı, əlaqələrin yüksək səviyyədə inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri