Zəngilanın 30 ilə yaxındır ki işğalına son qoyulmasından iki il keçir. Artıq işğaldan azad edilən digər rayon və şəhərlərimiz kimi Zəngilan rayonu da azaddır və burada bərpa-quruculuq işləri böyük sürətlə həyata keçir.
2022-ci il 20 oktyabr tarixində Zəngilanda yeni ikinci hava limanının açılışı baş tutdu. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Zəngilan hava limanının açılışı tarixi hadisələrdəndir. Prezident İlham Əliyev bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu da qeyd etdi. Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də yer almışdır.
Qarabağda ikinci böyük hava limanının inşa edilməsi vətən müharibəsində qazandığımız qələbənin uğurlu nəticələrindəndir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilanda açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi.
Qardaş ölkənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədilər. Zəngilanda 20 oktyabr tarixində baş tutan açılış mərasimində qardaş ölkənin liderinin iştirak etməsi bu həmrəyliyin məntiqi davamıdır .
Bununlada, ən müasir tələblərə cavab verən hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Zəngilana, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir