Ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Viktoriya" (Plzen, Çexiya) ilə matç "Bavariya"nın futbolçusu Pol Uanner üçün əlamətdar olub.
"İki sahil" Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, görüşün 70-ci dəqiqəsində Dayo Upamekanonun əvəzinə meydana daxil olub. Nəticədə avstriyalı futbolçu "Bavariya"nın heyətində Çempionlar Liqasında debüt edib. Bununla da 16 yaş 294 günlüyündə olan yarımmüdafiəçi "Bavariya"nın ÇL-də oynayan ən gənc futbolçusu adını qazanıb.
Qeyd edək ki, "Bavariya" ötən gün "Viktoriya"ya 4:2 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra Münhen təmsilçisi xallarının sayını 12-yə çatdırıb və C qrupunda liderliyini qoruyub.