13 oktyabr 2022 12:15
503

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri ictimai rəydə rəğbətlə qarşılanıb

İstər Qazaxıstan, Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca çoxşaxəli olması ilə yanaşı, həm də milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın  daim inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir. Bu səfərdə imzalanan sənədlər Azərbaycanın bölgədə, o cümlədən dünyada, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü aktiv siyasətin davamı kimi də qəbul oluna bilər. Bütün bu fəaliyyətlər Vətən müharibəsindən sonra nüfuzu daha da artmış Azərbaycanın xarici siyasətinin uğurlu olmasının göstəricisidir.

İki ölkə arasında münasibətlər iqtisadi əlaqələri daha da inkişaf etdirməyə köklənib. Nümunə olaraq Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq olar. Fondun yaradılması inkişafa, investisiyaların cəlb edilməsinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə hesablanıb.

Nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək məqamdır. Türkmənistan və Qazaxıstan limanlarından İran və Azərbaycan istiqamətində uzanan Transxəzər dəhlizi çox aktuallaşır. Qırğızıstan üçün Azərbaycan və Gürcüstandan keçərək Qara dənizə çıxışı olan, Türkiyə ilə ticarəti təmin edən körpü əhəmiyyət kəsb edir.

Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı  faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş  və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı