13 oktyabr 2022 11:34
538

Qırğızıstanla əlaqələrimiz strateji müttəfiqlik səviyyəsindədir

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir. Prezident İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi.

Prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bütövlükdə Türk dünyasının uğuru kimi qiymətləndirmək lazımdır. Ümumiyyətlə, bu il Orta Asiyanın türk cümhuriyyətləri ilə həm Azərbaycanın, həm də Türkiyənin münasibətlərində müşahidə olunan fəallaşma təqdirəlayiq haldır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərə müsbət dinamika gətirir.

Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının isə Azərbaycana səfərləri zamanı əldə edilmiş razılaşmalar TDT-nin (Türk Dövlətləri Təşkilatı) üzv dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə xüsusi impuls verib. Bu inteqrasiyanın təməlində isə həm də Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” və eləcə də Türkmənistan ilə ötən ilin yayında Xəzər dənizində “Dostluq” yatağı üzrə birgə fəaliyyət haqqında imzalan Anlaşma Memorandumu dayanır.

Azərbaycan Prezidentinin Qırğızıstanda yüksək səviyyədə qarşılanması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı