12 oktyabr 2022 13:05
693

Azərbaycan və Avropa İttifaqı arasındakı tərəfdaşlıq strateji xarakter daşıyır

44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra ölkəmizdə işğaldan azad edilən torpaqların bərpası prosesi başlanmışdır. Yaranan yeni reallıqlar fonunda azad edilən torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq işləri bizim üçün yeni mübarizə meydanıdır. Qalib dövlətin lideri olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi ilə müharibə dövründə olduğu kimi, postmünaqişə mərhələsində də öz gərgin iş fəaliyyətini davam etdirir. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin postmüharibə dövründə beynəlxalq təşkilatların, eləcə də dövlətlərin rəhbər şəxsləri, nümayəndə heyətləri ilə görüşləri, habelə xarici media qurumla­rına müsahibələri sülh gündəliyinin ən önəmli tərkib hissələridir.

Avro­pa İttifaqı regionun ən nüfuzlu təşkilatı kimi, Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin edilməsində maraqlıdır. Cənubi Qafqazda davamlı sülhün bərpa edilməsi, Qarabağda nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması təkcə region ölkələri üçün deyil, bütün Avropa üçün böyük perspektivlər vəd edir. Bu mənada Brüssel şəhərində keçirilən üçtərəfli görüşlər təqdirəlayiqdir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Ümumiyyətlə, Azərbaycanla Aİ arasın­dakı münasibətlər hər zaman iki tərəfin də qarşılıqlı maraqları əsasında forma­laşmış və nəzərdə tutulan qrafik üzrə inkişaf etmişdir.

Keçən əsrin əvvəllərində Azərbaycan istər qon­şu, istərsə də digər xarici ölkələrlə, o cümlədən beynəlxalq təşkilatlarla heç bir münasibəti olmayan bir dövlət idi. 1991-ci ildə Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi blokadada, başqa sözlə, təcriddə idi. Lakin müstəqilliyin bərpa edilməsindən bir müddət sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim yüksələn templə davam etmiş, iqtisadi-siyasi islahatlara dəstək, Şərq–Qərb nəqliyyat dəhlizinin yaradılması, kommu­nikasiyalar infrastrukturunun inkişafı kimi sahələr üzrə daha da möhkəmlənmişdir.

Qeyd etmək vacibdir ki, ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur.

Ümummilli Lider Heydər Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinin ölkəmizin həm bugünü, həm də saba­hı üçün ən önəmli məsələlərdən biri olduğunu başa düşərək, bu əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Məhz həmin diqqətin nəticəsində Aİ ilə olan münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birinə çevril­mişdir.

1996-cı ildə Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə etmiş münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaratmış­dır. Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan bugünkü münasibətlər həmin sazişə əsaslanır. Daha sonrakı mərhələdə isə iki tərəf arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, əsas sektorlar üzrə siyasi dialoqu gücləndirmək, eləcə də ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulan yeni proqram üzrə inkişaf prosesi davam etdirilmişdir.

Ümumiyyətlə, Aİ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı