11 oktyabr 2022 19:37
870

Avropa İttifaqı ilə əməkdaşlıq genişlənir

Qalib xalqın şanlı tarix yazan qalib lideri cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”. Bu fikirlər bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən-ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya miqyasında qəbul olunur. 
Ümumiyyətlə, Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren tərəfdaşı kimi regionda baş verən proseslərdə xüsusi çəkiyə və mühüm rola malikdir.

Azərbaycan xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq əsasında əlaqələrin inkişaf etdirilməsində həmişə maraqlı olub. Əlbəttə ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında davamlı olaraq inkişaf edir. 

Azərbaycanla Avropa İttifaqı arasında olan əlaqələrin tarixi 1990-cı illərin əvvəllərinə təsadüf edir və Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi ölkələrinə göstərdiyi dəstəyə (TACIS proqramı) əsaslanır. Bu münasibətlərin kökünə nəzər salsaq görərik ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərin qurulması bütün aktuallığını əyani şəkildə nümayiş etdirməyə başladı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyən edərkən bu nüfuzlu Avropa qurumu ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Məhz bu səbəbdən Azərbaycanın bu mötəbər qurumla münasibətlərinin yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin  bilavasitə adı ilə bağlıdır. 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edir. Daha sonralar Azərbaycan Respublikasını Avropa Qonşuluq siyasətinə daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-ci il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru atılmış mühüm addım olmuşdur.   

XXI əsrin başlanğıcından Aİ-nın özünün daxilində, qlobal geosiyasətdə və regional məsələlərdə dəyişikliklər meydana gəldi. 2004-cü ildə təşkilatın 10 ölkə ilə genişlənməsi Aİ-nın daxili və xarici siyasətinə müsbət təsirini göstərdi.  Hazırda Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında isə Avropa İttifaqı 2-ci yerdə dayanır.

Dünyada son zamanlar müxtəlif ölkələr arasında mövcud qarşıdurmalar yaranmış enerji böhranı fonunda Azərbaycanın Avropa İttifaqı üçün enerji təminatçısı rolunu daha da aktual etmişdir. Cari ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında Avropaya qaz ixracının ikiqat artırılmasını nəzərdə tutan yeni saziş imzalanmışdır. Avropa Komissiyasının prezidenti Fon der Lyayen bəyan etmişdir ki, Avropa İttifaqı əsas tərəfdaşı olan Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda yeni səhifə açır. Onun sözlərinə görə, yeni saziş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya sabit və etibarlı qaz təchizatına təminat verir. 

Qeyd edək ki,  Avropa İttifaqı ilə münasibətlər yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır. Oktyabr ayının 7-də Aİ-nın vasitəçiliyi ilə Praqada təşkil olunan görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması və sülh müqaviləsinin yaxın zamanlarda imzalanması istiqamətində işlərin sürətləndirilməsi Azərbaycanla Avropa İttifaqı arasında olan əməkdaşlığın əhəmiyyətini bir daha göstərir.

Bütün bunları nəzərə alaraq bir daha əminliklə vurğulamaq olar ki, daim inkişafda olan respublikamız digər beynəlxalq təşkilatlarla münasibətdə olduğu kimi Avropa İttifaqı ilə də əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır və öz səylərini əsirgəmir.

Səbinə Qafarova,
M.Nəcəfov adına 86№li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi