11 oktyabr 2022 22:11
687

Praqada məkrli planın qarşısı necə alındı?

Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi  bu gün Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanır. İki ildir ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqlik nümayiş etdirir, regionda sülhün və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirir.  Ermənistan isə sülhün və sabitliyin bərpası istiqamətində təşəbbüslərin gerçəkləşdirilməsinə ciddi maraq göstərmir, müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, təxribat törətməklə sazişin imzalanmasını uzadır.

Azərbaycanın sülh və sabitliyə sadiqliyi, xüsusilə dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Av­ropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə dəstəklənir. Ötən müddətdə bu təşkilat Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdı­rılmasında ədalətli mövqeyi, qərəzsiz və bitərəfli fəaliyyəti ilə diqqət çəkib. Bu, Aİ Şura­sının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan–Ermənistan  münasibətlərinin  normallaşması istiqamətində danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimi­tasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atıl­masında özünü qabarıq büruzə verib. Nəticədə postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb.

2021-ci ilin dekabrın 14-də bu formatda keçirilən ilk üçtərəfli görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. İkinci görüş isə cari ilin aprel ayının 6-da reallaşdı. Görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması idi.  

Bu formatda tərəflər arasında  mayın 22-də və avqustun 31-də də  görüşlər keçirildi və müəyyən razılaşmalar da əldə olundu. Amma Ermənistan bəhanə tapıb yenə də "status" iddiaları ilə prosesə əngəl olmağa çalışdı.

İstər Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri, istərsə də Rusiyanın vasitəçiliyi ilə baş tutan təmaslar iki ölkə arasındakı mövcud problemlərin həllinə əhəmiyyətli dərəcədə təsir göstərib. Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yol xəritəsinin müəyyənləşdirilməsinə fokuslanıb. Bunun nəticəsidir ki, artıq beynəlxalq aləm də Azərbaycanın haqlı mövqeyini tam şəkildə dəstəkləyir. Bu fakt oktyabrın 6-da Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında növbəti dəfə öz təsdiqini tapdı.  Bir daha aydın oldu ki, Azərbaycanın ədalətli yanaşması, beynəlxalq hüquqa əsaslanan və ümumi məqsədlərə xidmət edən prinsipial mövqeyinə beynəlxalq səviyyədə böyük önəm verilir və daim diqqət mərkəzində saxlanılır.

Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm irəliləyiş oldu.  Praqa görüşünün nəticəsi olaraq bəyanat qəbul edilib. Bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır: “Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.

Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdı.

Dördtərəfli görüş Azərbaycanın siyasi arenadakı növbəti uğurudur. Belə ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Ölkəsinin milli maraqlarını bütün beynəlxalq platformalarda məharətlə müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti bu məkrli addımın qarşısını aldı və düşmən maraqlarına xidmət edəcək bir moni­torinq missiyasının Azərbaycan ərazisinə daxil olmasına yol verilmədi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə verəcək. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi.

Praqa görüşü göstərdi ki, dövlət başçısı­nın beynəlxalq hüquqa və ədalətə əsaslanan balans­laşdırılmış xarici siyasəti Azərbaycanın dünya miqya­sında nüfuzunu artıraraq, onu regional gündəmdə həlledici söz sahibi olan ölkəyə çevirib və rəsmi Bakı milli maraqla­rına dair məsələlərdə prin­sipial mövqeyini heç zaman dəyişməyəcək. Dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu və Ermənistan növbəti dəfə  cənab İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi.

Bu görüşün Bakının maraqlarına uyğun keçdiyini Prezident İlham Əliyevin birinci dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın görmək olur. Dövlət başçısı müsahibə zamanı ümid etdiyini bildirdi ki, tərəflər sülhə yavaş-yavaş yaxınlaşırlar. Prezident İlham Əliyev Aİ Şurasının prezidenti Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görüşlər zamanı tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını vurğuladı.  

Beləliklə, Azərbaycan və Ermənistan arasında münasibətlərin nor­mallaşdırılması üzrə aparılan danışıqların daha bir raundu Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Yaqut Ağaşahqızı, “İki sahil”