11 oktyabr 2022 12:44
627

Praqa görüşlərində ölkəmizin milli maraqları layiqincə qorundu

Ermənistanın taleyi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan asılıdır

Dövlət başçısı İlham Əliyevin Çex Respublikasının paytaxtı Praqaya səfəri zamanı Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri və əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisidir. Bütün bunlar Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük nəticələridir.

Yuxarıda qeyd etdiyimiz iki görüş 5 saatdan artıq davam edərək əvvəlkilərdən xüsusi ştrixləri ilə fərqləndi. Prezident İlham Əliyevin bu görüşə qədərki diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə olundu. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı.

Yekun bəyanat da sübut etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul edilib. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, həm də o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir.

Prezident İlham Əliyev Praqada Azərbaycanın televiziya kanallarına müsahibəsində bildirib ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində sülh prosesinə təkan verildiyini qeyd edən dövlət başçısı həmçinin işğalçı Ermənistanın terror cinayətlərindən də danışıb: “...Dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.”

Sülh müqaviləsinin beş prinsipinin mümkün qədər tez paraflanmalı olduğunu bildirən dövlətimizin başçısı buna tez nail olmağın mümkünlüyünə əminliyini ifadə edib: “Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.”

Praqa görüşlərində Azərbaycanın irəli sürdüyü 5 əsas şərti bütün tərəflər qəbul etdi və rəsmi İrəvanın Qarabağla bağlı bütün iddiaları qüvvədən düşdü. Qarşı tərəf həmçinin faktiki olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu qəbul etdi. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirdi ki, həmin insanlarla münasibətlər bizim daxili işimizdir.

Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorunur. Ermənistan isə bu sərhəd monitorinq missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Tarix hər şeyi təsdiqləyir, zaman isə onu gerçəkləşdirmək üçün yetişdirir. Əsl həqiqət budur ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, tarixi torpağıdır və bunu heç bir qüvvə təkzib edə bilməz. Eyni zamanda, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öhdəliklərinin icrasına məcbur edir və görünən odur ki, bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri