11 oktyabr 2022 11:18
567

Azərbaycan Avropa ölkələri sırasında öz yeri, öz sanbalı olan və müstəqil siyasət yürüdən dövlətdir

Milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirir. Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir.  İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən  Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib.  Azərbaycan həm Avropa İttifaqı  ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Avropa İttifaqı ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir.

Son illərdə dünyada siyasi vəziyyət kəskinləşib. Bu kəskinləşmə geosiyasi vəziyyətə diqqəti yüksəldir. Geosiyasi vəziyyətə diqqətin yüksəlməsi Azərbaycanın resurslarına tələbatı kəskin artırıb. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz çox olub. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Bu artım böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Azərbaycan Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. İndi yeni qaz yataqları istismara qoşulur. Həm də mövcud qaz yataqlarının hasilatı da artırılacaqdır. Azərbaycanın həm qazı, həm nefti, həm də elektrik enerjisi Avropaya ixrac ediləcəkdir. Praqa görüşlərində ölkəmizin milli maraqları təmin olundu. Bu görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin edildi, Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində alındı. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və enerji böhranının hökm sürdüyü belə bir dövrdə Avropa ölkələrinin ölkəmizlə əlaqələri möhkəmləndirməkdə maraqlı olmaları təbiidir. Digər tərəfdən Azərbaycan bu ölkələrlə qarşılıqlı əməkdaşlığa və dostluğa böyük önəm verir, daim sülh və əminamanlıq mövqeyindən çıxış edir. Məhz buna görə də cənab İlham Əliyev humanist, sülhsevər bəşəriyyətin və xalqının rifahı, xoşbəxtliyi üçün çalışan dövlət rəhbəri, siyasi xadim kimi tanınır və sevilir. Praqa görüşləri bunun bir daha əyani ifadəsinə çevrildi və həqiqətən də Prezidentimizə böyük hörmət və ehtiramın olduğunu göstərdi.Azərbaycan Prezidenti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir və bildirir ki, Avropa İttifaqı bizim üçün önəmli tərəfdaşdır.

Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Bu gün müasir nəqliyyat infrastrukturunun yaradılması nəinki ölkəmiz, Cənubi Qafqaz, eləcə də Avropa ölkələri üçün çox faydalıdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizindən dünya ölkələri bəhrələnəcəkdir. Avropa ölkələri ilə təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələrin yaradılması sözsüz ki, gələcək inkişafımız üçün vacibdir.Praqada Avropa Siyasi Birliyi toplantısındakı görüşlər, səsləndirilən fikirlər, bəyanatlar bir daha göstərdi ki, Azərbaycan Avropa ölkələri sırasında öz yeri, öz sanbalı olan və müstəqil siyasət yürüdən, haqqını tələb etməyə və onu almağa qadir bir dövlətdir. Bu hər bir azərbaycanlını əlbəttə ki, qürurlandırır və qələbələrimizə yeni-yeni uğurlar bəxş edir.Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri quruculuq işləri ilə uğurla davam erdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi diplomatiyası sərkərdə kimi qazandığı Zəfərin məntiqi davamıdır...

Aynur Həsənova,
YAP-ın gənc fəalı