İlk olaraq qeyd edim ki, Ağdam şəhəri Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam”-günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Belə ki, 1993-cü il iyulun 4-də erməni silahlı qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin çox hissəsini isə məhv etmişdilər. 1993-cü il iyulun 23-də Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal olundu və 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini işğal etməyə nail oldular. Rayonun müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə 5897 nəfər şəhid, 3531 nəfər əlil, 1871uşaq yetim, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü.
Ağdam şəhəri işğal olunduqdan sonra mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur. Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş,tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları isə pozulmuşdur.
27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olub şəhərinin işğalına son qoydu. Bir zamanlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları gözəl şəhərdən əsər-əlamət belə qalmayıb. Ermənilər öz xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. 44 gün davam edən Vətən müharibəsində nümayiş etdirdiyimiz birlik, əzmkarlığı əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də göstərəcəyik.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir. Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Bundan sonra Ağdam yenidən sülh, əmin-amanlıq şəhəri olacaq
Binyamil Qüdrətov,
2 saylı Bakı "ASAN xidmət" mərkəzinin böyük məsləhətçisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir