11 oktyabr 2022 11:25
615

Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin sürətli inkişafını, həmçinin malik olduqları potensialdan səmərəli istifadəni təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün aparılması, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının aydın mənzərəsini yaradır.

Azərbaycan zəngin, təbii, alternativ enerji potensialına malikdir. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, “yaşıl enerji” zonasının yaradılmasında xarici şirkətlərin iştirakı investisiya baxımından cəlbedici ölkə olan Azərbaycana artan maraqdan qaynaqlanır. Enerjiyə tələbatını daxili imkanları hesabına ödəyən Azərbaycanın yeni enerji növlərinin istehsalı ilə bağlı layihələrinin işğaldan azad edilmiş ərazilərdə tətbiqi bərpa-quruculuq işlərini sürətləndirəcək. Ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı imkanları daha da artacaq. Dost ölkələrin investorlarının, şirkətlərinin yaranan imkanlardan istifadəsi ölkəmizin əməkdaşlıq formatını da genişləndirəcək.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundan səsləndiriyi çağırışlar sırasında işğaldan azad edilmiş ərazilərimizin potensialından istifadə etmək üçün atılan addınlar xüsusi yer tutdu. “Biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir” söyləyən dövlət başçısı İlham Əliyev bu statistikaya da diqqəti yönəltdi ki, artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq: “Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Bizim burada işğal dövründə məhrum olduğumuz geniş su ehtiyatlarımız var. Çünki ermənilər təkcə bizim şəhərlərimizi işğal etməmişdilər, onlar bizim ehtiyatlarımızı da işğal etmişdilər.”

Ermənilər işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz olaraq dağ-mədən işləri aparıb, suya çıxışımızı kəsən qeyri-qanuni işlər görüb. Bu gün çaylarımıza, torpağımıza qayıtmışıq. Bütün şəhərlərin Baş planları aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyevin oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimləri keçirildi. Dövlət başçısı bu hədəfi də açıqladı ki, maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaq. Ağdam şəhərində min yerlik məktəb tikilir. Bu məktəbin də ya bu il, ya da gələn il hazır olacağı bildirildi. Xəstəxana və bir neçə yaşayış binası tikilir. “Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bu hədəfi də böyük qürur hissi ilə qeyd etdi ki, Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi. Bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşdi. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.

Azərbaycanın şəhər inkişafı sahəsində mükəmməl təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməsi də uğurlu inkişafımızın, təkmil iqtisadi inkişaf modelimizin təqdimatıdır.  44 ölkənin yeni yaradılan milli platformaya dəstəyini ifadə etməsi öz növbəsində tarixi Zəfərimizin reallıqlarının qəbulu və onların təbliğinə töhfələr vermək istəklərinin göstəricisidir.

Gülər Kərimova,
​​YAP Şabran rayon təşkilatının məsləhətçisi