11 oktyabr 2022 00:13
727

Ağdamın yenidən qurulması Qarabağın dirçəldilməsində strateji missiyanın reallaşdırılmasını sürətləndirəcəkdir

Müasir dövrdə Azərbaycan dövlətinin qarşısında duran tarixi missiyalardan və strateji vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin yüksək səviyyədə və kifayət qədər düşünülmüş hədəflər çərçivəsində bərpa edilməsidir. Postkonflikt ərazilərin dirçəldilməsi məsələləri hər bir dövlətin iqtisadi gücünün və qüdrətinin, dövlət rəhbərinin siyasi iradəsinin bilavasitə ifadəsi kimi də qiymətləndirilir. Əgər dövlət özünün ərazisinin tərəqqisinə və işğaldan azad olunmuş ərazilərin kompleks və sistemli olaraq inkişaf etdirilməsinə qadirdirsə, onda dövlətlə cəmiyyət arasında inam mühiti yaratmaq mümkündür. Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərin böyük köç qayıdışına hazırlanması, bu ərazilərin minalardan təmizlənməsi, murdar erməni işğalçılarının ayaqları altında 30 ilə yaxın inləmiş və deqradasiyaya uğramış torpaqlarımıza yeni nəfəs verilməsi olduqca vacib məsələlərdəndir.

Bütün bunlar barəsində ölkə Prezidentinin 2022-ci ilin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Formunun açılış mərasimindəki çıxışında kifayət qədər strateji əhəmiyyət kəsb edən fikirlər səslənilmişdir. Qeyd edək ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılmışdır və otuz il ərzində burada bütün ictimai və istehsal binaları viran edilmiş, erməni qəsbkarları bu ərazilərdə talançılıqla məşğul olmuş, bu azmış kimi məscidlərdə donuz və inək saxlamaqla dini dəyərlərimizə xeyli zərbə vurmuşlar. İctimai binaların və istehsal infrastrukturunun dağıdılması nəticəsində ərazilər şoranlaşaraq, boş bir əraziyə çevrilmişdir. Ağdamı haqlı olaraq, İkinci Dünya müharibəsinin sonunda ABŞ tərəfindən Yaponiyanın Xirosima şəhərinə atılmış atom bombasının təsirindən yaranan vəziyyətlə müqayisə edirlər.

Hazırda strateji hədəflər kimi, Qarabağın yenidən qurulması, insanların əzəli torpaqlarına qaytarılması və bununla bağlı müvafiq tədbirlərin görülməsi diqqət çəkir. Digər tərəfdən, “Böyük köç qayıdışı”na başlanılması dövlətin qarşısında yeni hədəflər və daha böyük strateji vəzifələr qoymuşdur. Bununla əlaqədar olaraq məcburi köçkünlərin planlı şəkildə əzəli torpaqlarına qaytarılması üçün görülən tədbirlərin sürətləndirilməsi vacib şərtlərdəndir. Keçirilmiş sorğular nəticəsində məlum olmuşdur ki, məcburi köçkünlərin əksəriyyəti öz doğma torpaqlarını görmədiklərinə baxmayaraq, bu torpaqlara qayıtmaq, burada yaşamaq, Qarabağın  dirçəldilməsində bir Azərbaycan vətəndaşı kimi iştirak etmək, uzun illər ərzində formalaşmış tarixi və milli dəyərlərmizi qorumaq, bərpa etmək əzmindədirlər.

Bütün bunlara insanlarımızın torpağa bağlılığının, xüsusilə Qarabağa bağlılığının çox mühüm göstəriciləri kimi də baxıla bilər. Hazırda Ağdamın bərpası istiqamətində sistemli və ardıcıl işlər aparılır. Ağdam şəhərinin inşa edilməsi, 100 minlik əhalinin yaşayacağı şəhər infrastrukturunun yaradılması region üçün tarixi hadisədir. Qarabağın dirçəldilməsində Ağdam şəhərinin xüsusi rolu ön plana çıxmaqdadır.

Hələ Sovetlər Birliyi dövründə Ağdam özünün strateji mövqeyi və bununla bağlı olaraq abad inkişaf etmiş şəhər kimi, həm də eyni zamanda, sosial-iqtisadi infrasturukturun geniş şəbəkəsinə malik olan bir şəhər kimi yadda qalmışdır. Ağdam rayonunda həm də çoxlu sayda sənaye müəssisələri və o dövrün texnologiyaları əsasında inkişaf etmiş müəssisələr şəbəkəsi var idi. Qeyd etdiyimiz kimi bunların əksəriyyəti yerlə-yeksan edilmişdir. Hazırkı şəraitdə əsas vəzifə dünya şəhərsalma  təcrübəsinə və ilk növbədə, Azərbaycanın milli şəhərsalma meyarlarına uyğun şəkildə bərpa olunması və əhalinin buraya qayıtması, yaşaması üçün müvafiq tədbirlərin görülməsidir.

Artıq Ağdamda çoxlu sayda infrastruktur və istehsal obyektlərinin tikilməsi  prosesləri gedir. Səhiyyə və təhsil infrastrukturunun yaradılması intensivləşməkdədir. Eyni zamanda, Ağdamda Sənaye Parkının yaradılması və sənaye infrasturukturunun formalaşdırılması təmin edilməkdədir. Bu parkda ilk rezidentlər qeydə alınmış və fəaliyyətə başlamışlar.

2022-ci ilin oktyabr ayının əvvəllərində Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bir neçə min insanın yaşayacağı infrastrukturun yaradılmasına başlanmışdır və həm də Ağdam şəhərində min yerlik məktəb binası tikilir. Bütün bunlar bir-biri ilə bağlı və planlı şəkildə aparılır. Ölkə Prezidenti Ağdam şəhərində  5 oktyabr 2022-ci ildə keçirilən  Azərbycan Milli Şəhərsalma Forumunda çıxışında bildirmişdir ki, Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz... Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib, 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Daha sonra, dövlət başçısı qeyd etmişdir ki, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub... İndi biz burada-işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələri icra olunur.

Qeyd edək ki, qısa müddətdə Qarabağda, o cümlədən Ağdamda çoxlu sayda layihələr icra olunmaqda və işlər görülməkdədir. Ağdam şəhərində bir neçə evin tikintisinə start verilmişdir. Ölkə Prezidentinin iştirakı ilə Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin tikintisinin təməlqoyma mərasimləri keçirilmişdir. Nəzərdə tutulan layihələrin reallaşdırılması və Ağdam şəhərinin Baş planının icrası nəticəsində Ağdam Azərbaycanın ən böyük 4-cü şəhəri olacaqdır. Belə ki, 2023-cü ilin axırına qədər mühüm tikinti layihələrinin icrası təmin ediləcəkdir. Əhalinin daha geniş şəkildə doğma torpaqlarına qaytarılması prosesləri 2025-ci ildə intensivləşəcəkdir və ilk mərhələdə 10 min nəfərin Ağdama qayıdışı gözlənilir.

Ağdamda müasir sosial infrastruktur yaradılır və mehmanxana inşa edilir, rayonun turizm potensialı formalaşdırılır. Geniş həcmdə nəqliyyat infrastrukturu yaradılır. Belə ki, Bərdə-Ağdam avtomobil və dəmir yolları inşa edilməkdədir. Füzuli-Ağdam avtomobil yolunu tikintisi isə Ağdamı Qarabağın hava qapısı olan – Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcəkdir. Ağdam Sənaye Parkı rayonun sənaye potensialının formalaşdırılmasına və bütövlükdə Qarabağın yüksək texnologiyalar əsaslı sənaye sahələrinin yaradılmasına ciddi təkan verəcəkdir.

Yaxın perspektivdə Ağdam şəhərinin tikilməsi, müasir və yüksək texnologiyalar əsaslı sosial-iqtisadi infrastrukturun yaradılması ölkəmizin qarşısında duran tarixi-strateji vəzifənin - Qarabağ iqtisadi rayonunun dirçəldilməsi kimi strateji missiyanın reallaşdırılmasını sürətləndirəcəkdir.

Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin professoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru