Prezident İlham Əliyevin Praqa səfəri çərçivəsində dördtərəfli görüşləri və “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı ən mühüm məsələlərin həllində onun mövqeyinin və rəyinin nəzərə alındığını isbat edir
Dövlət başçısı İlham Əliyevin Çex Respublikasının paytaxtı Praqaya səfəri zamanı Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri və əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisidir. Bütün bunlar Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük nəticələridir.
Yuxarıda qeyd etdiyimiz iki görüş 5 saatdan artıq davam edərək əvvəlkilərdən xüsusi ştrixləri ilə fərqləndi. Prezident İlham Əliyevin bu görüşə qədərki diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə olundu. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı.
Yekun bəyanat da sübut etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul edilib. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, həm də o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir.
Prezident İlham Əliyev Praqada Azərbaycanın televiziya kanallarına müsahibəsində bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib. Aİ Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə Toplantısında da iştirak etdi. Dövlətimizin başçısı “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edərək Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
“Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Ümumilikdə 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri və ilk dəfə keçirilən bu Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirdi.
Dövlət başçısı İlham Əliyevin Praqa səfəri zamanı “Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirakı onun şəxsiyyətinə hörmətin, ən mühüm məsələlərin həllində mövqeyinin və rəyinin nəzərə alındığını sübut edir. Hazırda bütün dünyanın marağı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısının yekunlarına yönəlib. Bunun əsas səbəbi mühüm görüşlərin keçirilməsidir. Zirvə Toplantısında Azərbaycan Prezidentinin iştirakı isə xüsusilə diqqət mərkəzindədir. Müzəffər Ali Baş Komandanımız hər zaman ökəmizi ən yüksək səviyyədə təmsil edir və Azərbaycan xalqı onun hər addımı ilə qürur duyur.
“Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasından sonra iştirakçıların çəkdirdikləri birgə foto da xalqımızın fəxrlə izlədiyi növbəti diplomatik alətdir. Diplomatların duruşu hər zaman müzakirə olunur, mövcud situasiyanı ifadə edir. Səfər boyu Azərbaycan Prezidentinin məğrur duruşu ölkəmizin gücünü və addımlarının əminliyini göstərən vacib məqamlardan biridir. Burada qardaş Türkiyə Prezidenti ilə birgə fəaliyyət də bir daha “Bir millət, iki dövlət” prinsipini bəyan edir. Azərbaycan və Türkiyə birgə çox güclüdür.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorunur. Ermənistan isə bu sərhəd monitorinq missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Eyni zamanda, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öhdəliklərinin icrasına məcbur edir və görünən odur ki, bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir