Praqa görüşləri ölkəmizin tarixi Zəfərimizin reallıqları fonunda beynəlxalq münasibətlər sistemində artan roluna bir daha işıq saldı
Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan əsas məsələlərdən biri yeni siyasi platformanın yaradılması, dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı, həmçinin toplantı çərçivəsində dördtərəfli –Azərbaycan, Fransa prezidentlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və nəticələridir. Qeyd edilən dəvət Azərbaycanın hazırda dünya birliyində fəal roluna, sözünün əhəmiyyətinə aydınlıq gətirdi. Yeni yaradılan siyasi platformanın perspektivi bu gün müzakirə olunan məsələlər sırasında olsa da, Zirvə Toplantısında 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı, yeni platformanın Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirməsi hədəflərə birgə səylərin nəticəsində nail olacağımıza əminliyi artırdı.
Dördtərəfli görüşün bu gün geniş müzakirə edilməsinə səbəb təbii ki, Fransanın prosesə qoşulması, özünü regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı tərəf kimi nümayiş etdirməsidir. Bu, məsələnin bir tərəfidir. Digər əsas tərəfi danışıqların yekununda qəbul olunan bəyanatda Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyması, Ermənistanın isə yenə də müstəqilliyinin formal xarakter daşıdığını təsdiqləməsidir. Belə ki, bəyanatın 4-cü müddəasında bildirilir ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycnın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Göründüyü kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq salır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir: «Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq.» Eyni zamanda, bu fikirləri də səsləndirir ki, nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. Ölkə Prezidentinin bu bəyanatları Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha nümayiş etdirir. «Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.
Günümüzün reallığı budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Hazırda bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan istər 30 ilə yaxın dövrdə, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə faktlara əsaslanan təbliğatı ilə dünyaya bu reallığı çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyü qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər. Belə ki, ölkə Prezidenti dünyanın nüfuzlu mətbu orqanlarına, Azərbaycan televiziya kanallarına müsahibələrində, həmçinin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında İkinci Qarabağ müharibəsinin başlama səbəbləri barədə məlumat verərək, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırır, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqlayaraq Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu bildirir. Cənab İlham Əliyev hər bir çıxışında, müsahibəsində, keçirdiyi görüşlərdə ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Bu fikir daim diqqətə çatdırılır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu.
Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var. Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Qarabağ ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Münaqişənin həlli tamamilə yeni mühit yaradır. Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır.
Dövlət başçısı İlham Əliyevin çıxışlarına, müsahibələrinə dünya mediasında, siyasi dairələrdə maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Ölkə Prezidenti heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir. Cənab İlham Əliyev sualları cavablandırarkən bir daha bu reallığı diqqətə çatdırır ki, müharibə vaxtı baş verənlər ədalətin, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi.
Bütün bu reallıqlar dünyanın gözü qarşısında cərəyan etdiyi halda Ermənistan bu gün də sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün cəhdlər edir. Bu gün bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında, Ermənistanla münasibətlərin normallaşmasında maraqlı tərəf kimi özünü göstərən Fransa tarixi Zəfərimizdən sonra Ermənistana kömək edəcəyini, qondarma «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyini tanıyacağını bildirməklə bu məsələni uzun müddətdə gündəmdə saxladı. Belə fikir yaratmağa çalışdılar ki, guya Qarabağ münaqişəsi həll olunmayıb. Görünür, Fransa maraqlarına o qədər aludə olmuşdu ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın dünyaya keçdiyi tarix, hüquq və milli qürur dərslərini unutmuşdu. Tarixi Zəfərimizdən ötən iki il yeni reallıqların əksər dünya gücləri tərəfindən qəbul edilməsi ilə müşayiət olunur. Bu reallıqlar daim tarixi vərəqləməyi, erməni vəhşiliklərini unutmamağı bir tələb kimi qarşıya qoyur. İşğal altında olan torpaqlarımızı Vətən oğulları qanları, canları ilə azad etdilər. Ermənilər illərdir torpaqlarımızı nə qədər erməniləşdirməyə çalışsalar da, bunun mümkünsüzlüyünün 44 gündə aldıqları dərs əsasında bir daha şahidi oldular. Sübut olundu ki, erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.
Prezident İlham Əliyev daim çıxışlarında faktlar əsasında tarixi gerçəklik barədə qısa, müfəssəl məlumat verərək hazırkı postmüharibə dövründə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırır. Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq auditoriya dövlət başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda təcrübəli, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lideri görür. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı “beyin mərkəzləri”nin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərdi ki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Bu gün də Azərbaycanın informasiya cəbhəsində mübarizəsinin uğurları göz önündədir.
Azərbaycanın yaratdığı Milli Şəhərsalma Forumunun tribunasından 30 illik işğal dövrünün həqiqətlərini 44 ölkənin 130 nümayəndəsinə, ümumilikdə 400-dən artıq iştirakçıya çatdıran cənab İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, bu, ötən müddət ərzində baş verən hadisələr idi. Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması: “Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”
Hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycan şəhərsalma sahəsində də qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşür. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizin yenidən qurulması beynəlxalq aləmdə diqqətlə izlənilir. Azərbaycan “ağıllı şəhər”lərini və “ağıllı kənd”lərini dünyaya təqdim etməklə inovasiyalar ölkəsi olduğunu bir daha təsdiqləyəcək.
Dövlət başçısı İlham Əliyevin Azərbaycan Milli Şəhərsalma Forumunun ardınca “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətini bir daha nümayiş etdirdi. Bütün bu beynəlxalq əhəmiyyətli tədbirlərdə müzakirə olunan məsələlərlə, görüşlərlə bağlı ümumi mövqe dövlət başçısı İlham Əliyevin Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində özünün aydın ifadəsini tapdı. “Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər” söyləyən cənab İlham Əliyev bildirdi ki, vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır: “Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.”
Yeganə Əliyeva, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir