Cənubi Qafqazın aparıcı ölkəsi kimi geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir. Hazırda Azərbaycan Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində də iş aparır. Bütün bunlar isə bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirib və qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib.
Son illərdə Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır. Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Dövlət başçısı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini belə dəyərləndirib: "Bu dəhliz də Azərbaycandan keçir, başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmirlər. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün cəlbedici olur".
Göründüyü kimi, hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Azərbaycanın qitədə həqiqətən də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür.
Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir. Bu, özünü həm də xarici təmaslarda, o cümlədən qarşılıqlı səfərlərdə göstərir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı və burada baş tutmuş görüşlər və onların yekun nəticələri Azərbaycanın siyasi-diplomatik yolla qazandığı növbəti qələbəsi kimi tarixə düşdü. Prezident İlham Əliyevin siyasi proseslərə beynəlxalq hüquq müstəvisində yanaşması və xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq müzakirələrə qoşulması son nəticədə sülh müqaviləsinin imzalanmasına yeni bir impuls verməsinə yol açdı. 5 saatdan çox geniş fikir mübadiləsi ilə davam qeyri-rəsmi və rəsmi görüşlərdən çəkilmiş şəkillər də çox mənaları özündə əks etdirirdi.
Bundan əvvəl isə daha dəqiq desək, bu ilin sentyabr ayında dövlət başçısı Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmişdi. Sammit çərçivəsində Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şövkət Mirziyoyevin görüşü oldu. Liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə yanaşı, həm də regional və ikitərəfli əlaqələri, əməkdaşlığın gücləndirilməsini müzakirə etdilər. Dövlət başçımızın Özbəkistana başqa bir səfəri isə bu ilin iyun ayında baş tutmuşdu. Avqust ayında isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfərini qeyd etmək yerinə düşər. Həmin görüş də səmərəli və uğurlu keçdi. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarov Bakıya rəsmi səfər etdi. Prezident İlham Əliyevlə görüş zamanı ikitərəfli və regional kontekstdə bir sıra məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparıldı.
Göründüyü kimi, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq həm Azərbaycan, həm də bu ölkələr üçün olduqca vacibdir. Azərbaycan Qazaxıstan, Özbəkistan və digər ölkələr üçün Cənubi Qafqaza açılan qapıdır.
Hesablamalara görə, 2022-ci ildə Mərkəzi Asiya və Qafqaz vasitəsilə yüklərin tranziti əvvəlki illə müqayisədə altı dəfə artaraq 3,2 milyon metrik tona çatacaq. Bu, dünyada baş verən son hadisələr fonunda marşruta tələbatın kəskin artması ilə bağlıdır. Çin-Avropa yük daşımalarında mühüm rol oynayan Rusiya dəmir yolları ABŞ və Avropanın sanksiyalarına məruz qalıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan artıq öz potensialını sübuta yetirib, həmçinin “Orta Dəhliz”i daha da dəstəkləmək üçün yeni təşəbbüslər irəli sürüb. Təbii ki, bu dəhlizin imkanlarını artırmaq və onun əsas nəqliyyat marşrutu kimi istifadəsini asanlaşdırmaq üçün Mərkəzi Asiya ölkələri infrastruktura milyardlarla dollar sərmayə yatırırlar. Məsələn, son 15 ildə Qazaxıstan nəqliyyat sənayesinin inkişafına təxminən 35 milyard dollar sərmayə yatırıb, nəticədə Xəzər dənizi boyu 2 min kilometrdən çox dəmir yolu, 19,5 min kilometr avtomobil yolu, 15 hava limanı və yeni liman obyektləri tikilib. Bundan əlavə, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tranzit və nəqliyyat marşrutlarının şaxələndirilməsini artırmaq, habelə inteqrasiya olunmuş logistik həlləri tətbiq etmək məqsədi daşıyan 2025-ci ilə qədər 20 milyard dollarlıq investisiya paketi elan edib. Qardaş Qazaxıstanın iki qitə arasında yerləşməsi onu Qərb və Asiya arasında maneəsiz nəqliyyat üçün ideal tranzit mərkəzinə çevirir. Ekspertlər də əmindirlər ki, “Orta Dəhliz”in fəaliyyəti dünya ticarətinə mühüm töhfə verəcək.
Bir sözlə, Qərbdən Şərqə və Şimaldan Cənuba geniş coğrafiyada yeni marşrutlar yaradan layihələrin təşəbbüskarı və həyata keçirilməsi ilə Azərbaycan regionu nəqliyyat kommunikasiyaları şəbəkəsi ilə əhatə etmişdir. Görülən işlərin zəruriliyini, məqsədəuyğunluğunu və vaxtında olduğunu zaman və reallıq sübut edir ki, bu gün bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə açılan yollara diqqət yönəldir. Xüsusi ilə də Türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi İpək Yolunun bərpası önəmlidir. Məhsulların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan “Orta Dəhliz” bugünkü reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Dünyada ticarət əməliyyatlarının əsas hissəsinin Asiya ilə Avropa arasında həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın qardaş və dost ölkələrlə “Orta Dəhliz”in səmərəliliyinin artırılmasına yönəlmiş birgə fəaliyyətinin strateji miqyasını təsəvvür etmək çətin deyil.
Sevinc Azadi, “İki sahil”
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir