44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarını işğaldan azad etdi. Postmüharibə dövründə qarşıda duran əsas vəzifə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Azərbaycanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və onlar üçün daha yaxşı şəraitin yaradılmasıdır. Artıq işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə start verilmişdir. Bütün bu işlərin daha qısa zaman ərzində reallaşdırılması ilə bağlı ölkə prezidenti Cənab İlham Əliyev bütün lazımi Sərəncam, tapşırıq və tövsiyyələrini vermişdir.
Eyni zamanda qeyd etməliyik ki, erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri dağıntıların miqyasını, həmçinin xalqımızın öz doğma şəhər və kəndlərini bərpa edib bu torpaqlara qayıtmaq istəyini dünya ictimaiyyətinə çatdırmaq üçün ölkə prezidenti tərəfindən mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizdə müxtəlif səviyyəli tədbirlər və forumlar təşkil edilir. Bu baxımdan 5 oktyabr 2022-ci il tarixdə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”- postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun işə başlamasını çox əlamətdar hadisə kimi qeyd edə bilərik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vidze-prezident Mehriban Əliyevanın Forumun açılış mərasimində iştirakı hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirdi.
Ölkə prezidenti Cənab İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Prezident əlavə etdi ki, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin yerləri görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi olduqca qürurvericidir. Artıq bu kateqoriyadan olan vətəndaşlarımızın öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunmuşdur.
“Böyük Qayıdış” reallaşdıqdan sonra bərpa edilmiş yaşayış məntəqələrində məskunlaşacaq insanların işlə təminatı, həmin bölgənin iqtisadi imkanlarının yüksəldilməsi məsələləri də indidən diqqət mərkəzindədir. “Yaşıl enerji” istehsalı ilə bağlı layihələr artıq xarici investorlarla geniş şəkildə müzakirə edilir. Bu ərazilərimizdə bərpaolunan enerji potensialı on min meqavat təşkil edir. Şuşa, Kəlbəcər, Laçın, Hadrut, Ağdam və s. bölgələr turizmin inkişafı baxımından olduqca perspektivlidir. Bu bölgələrin turizm imkanlarından səmərəli istifadə olunarsa xeyli sayda insan əlavə iş yerləri ilə təmin edilər. Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından da əlverişli bölgələrdir. Artıq bu bir reallıqdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi ilə “Böyük Qayıdış” reallaşır.

Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir