10 oktyabr 2022 13:24
428

30 ilə yaxın erməni vandalizminə məruz qalan Ağdam indi yenidən tikilir

Ağdam rayonu —  8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam”-günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini-Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi isə 4950 nəfərdir. Qarabağ müharibəsinin ilk şəhidləri Ağdam rayonunun sakinləri olub. 

Erməni təcavüzkarları Ağdam rayonunun ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu, işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vuruldu.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Mənfur düşmən 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunəsi yer üzündən silinmişdir.

Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğalı dövründə viranəyə çevrimişdi. Ağdamın işğalı Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi.

Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Prezident İlham Əliyev Noyabrın 20-də xalqa müraciətində demişdiri: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.”

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir. Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.

Prezident qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, onlardan ikisi – biri buradakı, digəri Şuşadakı məscid yarım dağıdılıb və murdarlanıb”.

Aytac Əkbərzadə,
Ağdam rayon Güllücə kənd sakini, 
Heydər Əliyev adına liseyin müəllimi