Müasir dövrdə qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil. Dünya qadın hərəkatının tarixi təcrübəsi sübut edir ki, ictimai sahədə qadın nə qədər fəal iştirak etsə, cəmiyyətin inkişafı da sürətlənər. Vaxtı ilə BMT-nin baş katibi Pangi Mun qadınların fəaliyyətinə xüsusi önəm verərək bildirmişdir ki, “gender bərabərliyinin yüksək səviyyədə olduğu ölkələrdə iqtisadi artım sürətlə baş verir. Qadınların daxil olduğu sülh müqavilələri daha uğurlu alınır. Qadınların çoxluqla təmsil olunduğu parlamentlərdə müzakirə edilən məsələlərin mövzu dairəsi daha geniş olur, buraya sağlamlıq, təhsil, ayrı-seçkiliyin ləğvi və uşaqlara dəstək daxildir.” Fəxrlə deyə bilərik ki, Azərbaycanda hər zaman qadınlara xüsusi münasibət olub və biz bunu daim hiss edirik.
Müstəqilliyinin 31-ci ilini yaşayan Azərbaycan istər iqtisadi, istərsə də elmi-texnoloji inkişaf baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sıradadır. Gündən-günə həyatımızın bütün sahələrində əldə etdiyimiz tərəqqi demokratiya və insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Respublikamızda elmin sürətlə inkişaf etməsi, güclü elmi potensialın üzə çıxması xalqımızın olduqca böyük nailiyyətidir. Azərbaycan elmində qadınların elmi tədqiqatçıların əksəriyyətini təşkil etməsi isə bizim daha önəmli uğurumuzdur. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi bütün sahələrdə qadınların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə yeni uğurlu addımlar atılmaqdadır.
Tarixin bütün dövrlərində olduğu kimi, Azərbaycan qadınları bu gün də fəallığı, cəmiyyətin həyatına nüfuz etmələri ilə fərqlənirlər. Cənab Prezidentin sözləri ilə desək " Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər”. Bəli, həqiqətən bu gün Azərbaycan qadını - ənənələri, intellekti və sosial aktivliyi özündə birləşdirməklə, yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün sənətlər və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Yüksək intellektual potensiala malik olan qadın alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə həm Azərbaycan elmində, həm də bütövlükdə, elm tarixində dərin izlər qoyublar. Bu qadınların adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir.
Həmin sırada tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. İstedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir. Onun tədqiqatlarında milli mənəvi dəyərlər sistemi bəşərilik kontekstində təhlil olunur. Bu isə mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqli cəhətlərinin araşdırılması üçün vacib məsələlərdən biridir. Qeyd etmək lazımdır ki, onun araşdırmalarında ayrı- ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur. Məhz bu baxımdan onun əsərləri gender bərabərliyi, qadın hərəkatının tədqiqi üçün qiymətli bir vəsaitdir. Aida xanımın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcud olan fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideyaları, onların mahiyyətini çox dərindən bildiyi görürük. Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi "İpək yolu" - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə milli özünüdərkin ifadəsi olub. Qeyd etmək lazımdır ki, hazırda dünyada gedən proseslərlə bu tədqiqatlar arasında müqayisəli analitik təhlilin aparılmasına böyük ehtiyac duyulur.
Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə araşdırılması üçün çox mühüm zəmin yaradır.
Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. İstedadlı gənc alim Aida İmanquliyeva 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirib. O, əvvəlcə "Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi işçi vəzifəsində çalışıb və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış "Ərəb filologiyası" şöbəsinin müdiri vəzifələrində işləyib. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüşdür.
Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edirdi. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunmuşdur.
Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.
Aida İmanquliyevanın elmi, ictimai-siyasi fəaliyyətindən danışarkən onun tərcüməçilik fəaliyyətini də unutmaq olmaz. Məsələn, o, 70-ci illərdə universitetin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapmışdır. Azərbaycanın elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim Aida İmanquliyeva istedadlı şəxsiyyət və ictimai xadim kimi ədəbiyyatımızda, eyni zamanda, fəlsəfi təfəkkürdə dərin iz qoymuşdur.
Aida xanım İmanquliyeva çox zərif, kövrək bir insan, həddindən artıq nəvazişkar və diqqətli bir adam idi. Onu yaxından tanıyan hər kəs deyə bilər ki, Aida xanım, yaxınlarından tez-tez xəbər tutan, onların işi ilə maraqlanan, çətinliklərini həll etməyə çalışan dost idi. Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi. Onlar vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Aida xanım sevimli nəvələrinə də vaxt tapar, onların qayğısını, nazını çəkərdi. Nərgiz xanım çıxışlarının birində bildirmişdi ki, ”O,(Aida İmanquliyeva) goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Mehriban xanım isə müsahibələrinin birində qeyd etmişdir ki,” Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb”. Onlar bir övlad kimi Aida xanımın aşıladığı ən mühüm insani keyfiyyətləri öz əməllərində, fəaliyyətlərində davam etdirirlər. Müasir dövrdə Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə nümunə olmuşdur. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır Bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizədə, 44 günlük Vətən Müharibəsində, hazırda isə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, bərpa edilməsində hər birimiz Mehriban xanımın həm bir qadın, ana, bacı kimi dəstəyini görür, həm də ictimai-siyasi xadim kimi fəaliyyətini müşahidə edirik. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. O, Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir.
Hər bir insan özündən sonra qoyub getdiyi xeyirxah əməlləri ilə onu sevənlərin, tanıyanların qəlbində əbədi iz qoyur. Bu əbədiyyəti Aida xanım hələ sağlığında qazanmışdı. Onun işıqlı xatirəsi daim qəlblərdə yaşayacaq, əsərləri, tədqiqatları zamanla bir addımlayacaqdır!
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir