09 oktyabr 2022 19:05
659

Prezident İlham Əliyevin sayəsində ölkəmiz müharibədən daha da güclənərək çıxdı

Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır

Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən Azərbaycan daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - “Azərbaycan Milli Şəhərsalma Forumu”na evsahibliyi etdi.

44 dövlət, 130-dan artıq nümayəndə, 400 nəfərdən çox insanın qatıldığı bu Forum ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yeni uğurlu platforma oldu. İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən Forum BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı.

Forumda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.

Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib.

İlk Forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var. Dövlət başçısı İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim edərək bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı.

Forumda həmçinin Ermənistanın Qarabağ münaqişəsi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyindən danışan Prezident İlham Əliyev bildirib ki, işğalçı dövlətin əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi: “Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.

Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Artıq hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Bu prinsiplər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılmasıdır.

İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri