09 oktyabr 2022 16:50
653

İşğal müddətində bütün dini ocaqlarımız erməni vandalları tərəfindən dağıdılıb

Ölkə başçısı cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində qeyd etdiyi kimi Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma yürüdürdü. Bu Beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunurdu. Ancaq 44 günlük Vətən müharibəsində Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə torpaqlarımız işğaldan azad olundu. Bu gün Qarabağda aparılan yenidərqurma, abadlıq quruculuq işləri Azərbaycan iqtisadiyyatının bir daha gücünü göstərir. Erməni vandalları tərəfindən işğaldan azad olunmuş ərazilərdə 67 məsciddən 65-i  tamamilə dağıdılıb.Bu erməni vəhşiliyini dünya öz gözləri ilə gördü. Bütün bu vəhşiliyə baxmayaraq ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Qarabağ respublikamızın abad ərazisinə çevriləcəkdir.  Buna hər bir Azərbaycan vətəndaşı inanır və ümid edir. Prezident qeyd edib ki, hazırda biz keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır: “Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir”.

Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.

Həmçinin qeyd etmək lazımdır ki, düşmənin qəddarlığı o həddə çatıb ki, işğalçı minaları təkcə ya­şayış sahələrinə deyil, eyni zaman­da, qəbiristanlıqlara da basdırıb. Bu, Laçın rayonunun Minkənd məzarlığında da müşahidə edilib. Azərbaycan Silahlı Qüvvələrinin istehkamçılarının fədakar və son dərəcə diqqətli fəaliyyəti sayəsində həmin qəbiristanlıq ərazisində 30-dan çox piyada əleyhinə mina zərərsizləşdirilib.

Özlərini “sivil, mədəni xalq” ad­landıran erməni vandalları tərəfindən Qarabağda bütün dağıntılar məqsədli şəkildə həyata keçirilib. Düşmən Ermənistan ərazisindəki tarixi tor­paqlarımızla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazilərdəki mədəni kimliyini itirmək məqsədi güdüb. Lakin erməni barbarlarının tarixi irsimizə qarşı törətdikləri vəhşiliklər faktlarla, dəlillərlə göstərilsə də, bir çox ölkələr, beynəlxalq təşkilatlar illər boyu bu cinayətləri görməzdən gəliblər və susqunluq nümayiş etdiriblər.

1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınıb. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli, 455-i isə yerli əhəmiyyətli olmaqla, ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilib.

Baxmayaraq ki, işğalda qalan torpaqlarımızdakı bütün dini ocaqlar, məscidlər, məzarlıqlar erməni vandallar tərəfindən dağıdılıb, bu gün də Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir. Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan Bakının mərkəzindəki erməni kilsəsində ədəbiyyat fondu saxlanılır. Bü günə qədər Azərbaycanın nəzarətində olan və ermənilər yaşayan kəndlərdə nə bir ev, bina, nə də hansısa abidə dağıdılıb.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri də bu ərazilərdə erməni vəhşiliyinin izlərini görüb dəhşətə gəlirlər, erməni vandallığını etiraf edirlər.

Erməni reallıqlarını dünyaya qəbul etdirən əsas amil isə beynəlxalq ictimaiyyət nümayəndələrinin işğaldan azad edilən torpaqlara səfər edərək bu vəhşiliklərlə yerindəcə tanış olması, ən başlıcası isə Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəal diplomatik fəaliyyətdir. İndi beynəlxalq aləm faşist xislətli ermənilərin əsl simasını görür və etiraf edir.

Doğma Qarabağımızın erməni işğalından azad edilməsinə səbəb olan 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq