Oktyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qırxdan çox ölkənin iştirak etdiyi BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişlər. Forum Ağdam şəhərində keçirilmişdir.
Ölkə Başçısı çıxışında Ağdamın bir zaman həyat dolu şəhər olduğunu, işğal dövründə dağıdıldığını bildirmişdir. O, bu dağıntının Birinci Qarabağ müharibəsində deyil, 30 il ərzində daşların bir-bir söküldüyünü, oğurlandığını və satıldığını vurğulamışdır. İşğal dövründə ərazidə qalan yeganı yarıdağılmış tikili isə Cümə məscididir. Bunun səbəbi, minarələrdən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edilmişdir. Cümə məscidi digər məscidlərimiz kimi dağıdılmasa da, ermənilər burada donuz və inəklər saxlayaraq təhqir etmişlər. Buna dair foto və video sübutlar da vardır. Azad etdiyimiz ərazilərdə ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılmışdır. Yarımçıq sökülü və təhqir olunan məscidlərdən biri Ağdamda, digəri isə Şuşadadır.
Ağdam Qarabağda həyatla coşub-daşan ən böyük şəhər olmuşdur. Lakin işğaldan azad etdikdən sonra əvvəlki Ağdamdan heç nə qalmamışdı. Buraya gəlmiş xarici ekspertlər, jurnalistlər gördükləri vəziyyətdən dəhşətə gələrək buranı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar vermişlər. Ölkə Başçısı bildirmişdir ki, Xirosima atom bombasının partlaması nəticəsində baş vermişdir. Ağdam şəhəri isə qonşularımızın vandalizmi və barbarlığı nəticəsində dağıdılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, bu dağıntılarla işğal olunmuş bütün ərazilərdə rastlaşmaq mümkündür. Füzuli şəhəri tamamilə dağıdılmışdır. Buna bənzər mənzərəni Cəbrayılda, Qubadlıda, Zəngilanda görmək olar. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olumşdur. Bunun səbəbi isə ermənilərin beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozaraq müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirərək qanunsuz məskunlaşma siyasəti yürütməsidir.
Ölkə başçısı işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıtması planlarından danşmışdır. Cənab Prezident dünən Ağdamın üç kəndinin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etdiyini, maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacağını bildirmişdir. Ağdam şəhərində min yerlik məktəb, xəstəxana və bir neçə yaşayış binası da tikilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha vurğulamışdır ki, işğalçılıq hücumuna, terrora məruz qalan tərəf Azərbaycan olmasına baxmayaraq, biz hər zaman sülhün tərəftarı olmuşuq.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri