09 oktyabr 2022 14:10
589

Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyan Cənab Prezidentimiz İlham Əliyev keçmiş məcburi köçkünlərimizin işğaldan azad olunmuş torpaqlarımıza tez zamanda qayıtmaları üçün hər cür imkanlardan istifadə edərək, yenidənqurma və bərpa işlərinin sürətləndirilməsi üçün göstəriş verib. 30 il ərzində viran olmuş şəhər, kənd və qəsəbələrdə 2 il müddətində xeyli işlər görülmüşdür. Sürətli şəkildə infrastruktur layihələri icra olunur, şəhər və rayonların baş planları çəkilir. Düşmənin xarabaya döndərdiyi yaşayış məntəqələrimizin cənnətə çevirilməsi istiqamətində planlı işlər aparılır. Azad olunan hər bir yaşayış məntəqəsində həyat yenidən qurulacaqdır.

Bərpa və quruculuq işləri davam edilən ərazilərə növbəli şəkildə köçürülmə başlanıb. İlk köçürülmə Zəngilanın Ağalı kəndində baş tutub. Kənddə reallaşdırılan “Ağıllı kənd” layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın hazırladığı planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir.Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

İşğaldan azad olunmuş ərazilərdə 2021-2023-cü illərdə 3 hava limanı fəaliyyət göstərilməsi nəzərdə tutulub. Hava limanları Füzuli, Zəngilan və Laçında yerləşəcək. Füzuli hava limanı artıq ötən ilin payızında istifadəyə verilmişdir. Hava limanının açılışında İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan iştirak etmişdilər. Zəngilan hava limanının açılışı isə bu il gözlənilir. Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Bu hava limanlarının çox böyük funksiyaları olacaqdır.

Zəngəzur rayonunda həyata keçirilən böyük infrastruktur layihələrindən ən vacib olan Zəngəzur dəhlizinin əhəmiyyəti əlavə imkanlar yaradacaq. Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək , tam yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi Azərbaycan üçün və qonşu dövlətlər üçün mühüm proseslərə səbəb olacaq.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı