09 oktyabr 2022 11:43
548

Ermənistanın minalı ərazilərin xəritəsini verməməməsi beynəlxalq hüquq normalarına tamamilə ziddir

Ermənistan tərəfi digər məsələlərdə olduğu kimi, əlbəttə ki bu məsələdə də  qeyri-səmimi mövqedən çıxış edir. Ermənistan höküməti bütün cəhdlərə baxmayaraq bu məsələnin şərh edilməsindən ümumiyyətlə imtina edib. Davamında isə ümumiyyətlə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürərək, bu məsələni bacardıqca unutdurmağa çalışdılar. Bu ilin iyun-iyul ayında isə Ermənistan xüsusi şərt irəli sürərək bir neçə rayonun mina xəritələrini verəcəyini dedi və Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərin qeyd-şərtsiz Ermənistana qaytarılmasını istədi. Halbuki, beynəlxalq konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycan verməlidir. BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. 30 il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilib. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır.

Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb. Son 4 ay ərzində 40-dək mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar. Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. 

Ermənistan tərəfi əsassız və artıq həll olunmuş münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməsi kimi lazımlı addımları atması, regionda sülhün daha tez şəkildə bərqərar olmasına şərait yaradacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı