09 oktyabr 2022 10:59
545

İşğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb

1988-ci il hadisələri başlayanda ilk vaxtlar erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda kütləvi mitinqlər təşkil edildi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. Belə ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox müzakirə obyektində oldu.

Ermənistanın aqressiyası səbəbindən yüz minlərlə azərbaycanlı Ermənistanı və onun işğal etdiyi Azərbaycan ərazilərini tərk edərək ölkənin digər ərazilərində məskunlaşmaq məcburiyyətində qalır. Azərbaycanın rəsmi məlumatlarına görə, Azərbaycanda qaçqın və məcburi köçkün statusuna malik bir milyon insan yaşayır. Onların bir qismi Ermənistan SSR-i tərk etməyə məcbur olmuş etnik azərbaycanlılardır (200 min nəfər), o cümlədən 500 min nəfərə yaxını Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayondan (Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Laçın, Qubadlı və Cəbrayıl) məcburi köçkün düşmüş insanlardır.

İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.

Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlət başçısı bildirib: "Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi? Biz xüsusilə müstəqilliyin ilk illərində, bu dəstəyə ciddi şəkildə ehtiyacımız olan zaman qaçqın və məcburi köçkünlərimizə göstərdiyi dəstəyə görə beynəlxalq təşkilatlara, xüsusilə BMT təsisatlarına çox minnətdarıq. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Siz bizim, azərbaycanlıların, xüsusilə Ağdam, Füzuli, Azərbaycanın işğal altında olmuş digər ərazilərində yaşamış insanların buraya gələndə nə hiss etdiklərini təsəvvürünüzə gətirə bilərsiniz. Onlar hətta evlərinin yerləşdiyi yeri belə tapa bilmirlər, çünki hər şey tamamilə dağıdılıb".

İslam Bafadarov,
YAP-ın gənc fəalı