«1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən təcavüzkar erməni silahlıları ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Erməni vandalları 27 il ərzində işğal etdikləri bütün ərazilərdə, o cümlədən, Ağdam şəhərinin özündə və kəndlərindəki yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam, indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş və gördüklərindən dəhşətə gəlmiş xarici jurnalistlər, onu, Qafqazın Xirosiması adlandırırlar. Ölkə başçısının qeyd etdiyi kimi, ən çox təəssüf doğuran da odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin, Ermənistanı , bir dəfə də olsun, bu qeyri insani əməllərinə görə qınamayıblar.»
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, bu gün Azərbaycan hər sahədə sürətlə inkişaf edir və qısa zamanda əldə etdiyi mükəmməl təcrübəsi ilə dünyanın diqqətindədir. Ölkəmizin müxtəlif sahələr üzrə müəyyən çağırışlar ətrafında geniş müzakirələrə yol açan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yaxud, o səpkili tədbirlərə qatılaraq təcrübə mübadiləsi aparması da deyilənlərin təsdiqidir. Buna əmin olmaq üçün, təkcə son iki ildə dövlətimizin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Oktyabrın 5-də Ağdam şəhərində növbəti belə mötəbər hadisə baş verdi. 30 ilə yaxın dağdılan, daşları belə oğurlanan Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başladı. Azərbaycan ilə BMT-nin Yaşayış Məskənləri Proqramı UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsində gerçəkləşən Forumda çoxsaylı qonaqların iştirakı şəhərsalma sahəsində də Azərbaycana böyük marağın olduğunu nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev bir daha vurğuladı ki, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluqları 50 kilometrdən çox olan 33 tunel və 12 kilometr 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
K.Bayramov diqqətə çatdırıb ki, ölkəmiz hər sahədə təkmilləşməkdə davam edir və qazandığı təcrübəni artıq, dünyanın bir sıra ölkələrilə bölüşür. Qürurla demək olar ki, Azərbaycan, heç kimdən yardım almadan öz gücü, öz vəsaiti hesabına erməni vəhşiliyinə məruz qalmış ərazilərimizi bərpa edir və ən müasir standartlara uyğun yenidən qurur. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin güclü lider kimi formalaşdırdığı iqtisadi sabitliyə əsaslanır.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir