07 oktyabr 2022 16:41
566

Ulu Öndərin siyasi irsi

Azərbaycanın hərtərəfli inkişafı uğrunda mübarizə aparmış fədakarlıq nümayiş etdirmiş, dövlətçiliyimizin inkişafı,  milli birliyimizin təmini, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüş Ümummilli Liderimiz Heydər Əliyev qətiyyəti və iradəsi Azərbaycanımızı xilas etdi, müstəqilliyimizi qorudu, xalqımızda gələcəyə inam qazandırdı. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.  Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Məhs Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə həm də ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli-etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, milli enerjini milli məqsədə - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə yönəldə bildi.

Ulu öndərin azərbaycançılıq ideyası dövlətin müstəqilliyini qoruyub-saxlaması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli mənəvi dəyərlərə sadiqlik.

Heydər Əliyevin milli ideyasında dövlətçilik təkcə siyasətçilərin, məmurların və digər dövlət işində çalışanların vəzifəsi kimi deyil, ümumxalq işi kimi ortaya qoyulur, insanlarda milli-etnik duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilir, "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" fəlsəfəsi ön plana çəkilir, dövlət işi ümumxalq işinə çevrilir. Bununla bağlı ulu öndər Heydər Əliyev deyirdi: "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz".

1995-ci ildə müstəqil respublikamızın Konstitusiyası qəbul edilən zaman dövlət dilinin adı barədə geniş diskussiyalar başladı. O zaman nə dilçi alimlərimiz, nə yazıçı-şairlərimiz, nə filosoflarımız ana dilimizin adı ilə əlaqədar vahid mövqe sərgiləyə bildilər. Dilimizin "türk dili", "oğuz türkcəsi", "azəri türkcəsi", "türk dilinin azəri şivəsi" və sairə adlandırılmasını təklif edənlər oldu. Yenə də ümummilli lider Heydər Əliyev öz siyasi iradəsini ortaya qoydu - respublikamızda yaşayan bütün xalqların marağını ifadə edən, xalqı dövlətin ətrafında daha da sıx birləşdirən qərar verdi: dövlət dilimizin adı Azərbaycan dili olmalıdır! Zaman göstərdi ki, ulu öndər həmişə olduğu kimi, bu qərarında da haqlıdır.

Heydər Əliyev dilimizin inkişafı ilə bağlı çoxlu əməli işlər görmüşdür. Onun 18 iyun 2001-ci il tarixdə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman ölkəmizdə Azərbaycan dilinin inkişafı üçün yeni perspektivlər açdı. "Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir" cümləsi ilə başlayan bu fərman dilimizin qədimliyini, zənginliyini, dərin məna tutumuna və ifadə çalarlarına malik olduğunu vurğulamaqla yanaşı, onun daha da inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirdi, əməli işlərin həyata keçirilməsini şərtləndirdi.

Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli mənəvi dəyərlərinə söykənməlidir. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, vətəndaşlarının təhlükəsizliyini, təbii sərvətlərini qoruduğu kimi, milli mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç komponenti xüsusi qeyd edir ki, bunların şüurda proyeksiyası milli mentaliteti təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz.

Milli mənəvi dəyərlərimizin çox mühüm tərkib hissəsi, imanımızın və inancımızın daşıyıcısı olan islam dininə ümummilli lider Heydər Əliyev həmişə böyük hörmət və qayğı ilə yanaşmışdır.

1993-cü ildə respublikaya rəhbərliyə qayıtdıqdan sonra ilk səfərlərindən birini dinimizin mərkəzi Məkkə şəhərinə edərək mübarək Kəbəni ziyarət etməsi, məscidlərin, ocaqların və digər müqəddəs yerlərin, abidələrin bərpası, tikintisi ilə bağlı fərman və sərəncamlar verməsi, imkan düşdükcə məscidlərimizi və ziyarətgahlarımızı ziyarət etməsi, Ramazan, Qurban və digər dini bayramları yüksək qiymətləndirməsi və bu münasibətlə ölkənin müsəlman əhalisini həmişə təbrik etməsi ulu öndərin dinimizə yüksək hörmət və inamının, eləcə də xalqımızın tarixi mənəvi dəyərinin milli ideyanın tərkib hissəsi kimi ümummilli maraqlara xidmət məqamına yönəltmək istəyinin ifadəsi idi. İslam dininə, islam mədəniyyətinə, müqəddəs kitabımız Qurani-Kərimə ümummilli lider Heydər Əliyevin hörməti və məhəbbəti təkcə bir müsəlmanın və siyasi xadimin münasibəti deyildir. Bu münasibət və yanaşma, əslində, çox böyük mənəvi və ideoloji gücə malik islam dinini ölkəmizdə milli birliyin, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət müstəvisinə qaldırmağa yönəlmiş milli ideologiyanın tərkib hissəsi idi. "Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir... Demokratiya - yüksək mədəniyyət deməkdir. Demokratiya - yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarla tərbiyələndirmək üçün islam dininin mənəvi dəyərləri çox gərəklidir".

Heydər Əliyev milli ideyasının əsasını təşkil edən milli mənəvi dəyərlərimizin üçüncü komponenti milli adət-ənənələrimizdir. Milli adət-ənənə dedikdə təkcə xalqımızın uzun əsrlər boyu formalaşmış yaşam və davranış tərzi, milli bayramlar və mərasimlər, əxlaqi və mənəvi dəyərlər deyil, həm də milli dövlətçilik, idarəetmə ənənələri başa düşülməlidir. Ulu öndər Heydər Əliyev milli adət-ənənəni həmişə tarixi kontekstdə öyrənməyi, bugünlə müqayisə etməyi, yaxşı örnəyi, xeyirli ənənəni yaşatmağı və inkişaf etdirməyi tövsiyə edirdi: "Biz öz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik".

Millətin tarixi onun mədəniyyətinin tarixi, mənəviyyatının, əxlaqının, dövlətçilik ənənəsinin tarixidir. Bu mənada tarix öyrənilməli, yaxşı nümunələr götürülməli, təbliğ olunmalıdır. Milli mənəvi dəyərlərimizi dünyada tanıtmaq, müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, xalqlararası və mədəniyyətlərarası dialoqa dəstək vermək Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, milli ideologiya demokratik dəyərlərə sadiq olan hər bir dövlətdə cəmiyyətdaxili tolerantlığın bərqərar olunmasına xidmət etməlidir.

Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin informatika müəllimi