07 oktyabr 2022 14:09
551

Prezident İlham Əliyevin qətiyyəti danışıqları uğurla bitirdi  - Aydın Hüseynov

“Öncədən və birmənalı şəkildə demək olar ki, Praqa görüşü, aparılan danışıqlar və əldə edilən nəticələr Azərbaycanın milli maraqlarına tam olaraq uyğundur. Danışıqların yekunundan da görünür ki, Azərbaycan bundan əvvəl hansı təkliflərlə, hansı şərtlərlə çıxış edirdisə Praqada da eyni mövqedə oldu. Dövlət başçısı İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, hadisələrə çevik reaksiya bacarığı, təcrübəsi imkan Verdi ki, Ermənistanın arxasında duran, hətta işğalçı ölkənin qanunsuz əməllərini dəstəkləyən Fransanın canfəşanlığını, danışıqların məcrasını dəyişmək istəyini zərərsizləşdirə bilsin. Əlbəttə, əvvəlcədən də bəlli idi ki, Fransanın ənənəvi ermənipərəst siyasət yürüdür, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələr hazırlanıb, buna baxmayaraq Azərbaycanın haqlı tələbləri, beynəlxalq qanunlarla uzlaşan şərtləri yekun bəyanat üçün stimul rolunu oynadı”.

“İki sahil” xəbər verir ki,  bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dünyada ikili standartlar davamlı olaraq tətbiq edilsə də, haqsızlıq olsa da, bu yanaşma Azərbaycan Liderinin danışıqlarda qətiyyətli mövqeyinə mane ola bilmədi: “Adətən Paşinyan Fransanın iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmir. Hər iki ölkənin lideri sərhəddə baş verən hadisələri şişirtməklə, ona başqa rəng verməklə düşünürdülər ki, Azərbaycana təzyiq göstərəcəklər. Amma reallıq başqadır, həqiqəti, doğrunu heç bir güc əyə bilməz. Ermənistanın işğalçı, təxribatçı, terrorçu dövlət olduğu göz qabağındadır. Fransanın da təmsil olunduğu BMT Təhlükəsizlik Şurası 1992-ci ilə 4 qətnamə ilə Ermənistan-Azərbaycan münaqişəsinə qiymət verib və Azərbaycan torpaqlarının işğal edildiyi rəsmi sənədlə təsdiq olunub. Beş saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq mümkün olmadı, bütün hücum cəhdinin qarşısı qətiyyətlə alındı. Yekun bəyannamədə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanınması elan olundu və bu da əlbəttə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir. Digər bir nəticə Avropa İttifaqı Ermənistana öz mülkü missiyasını göndərəcək və orda 2 ay fəaliyyət göstərəcəkdir. Fransa çalışırdı ki, bu missiyanı öz iştirakı ilə həyata keçirsin və birtərəfli qaydada ölkəmizə qarşı mənfi rəy hazırlansın. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bunun qarşısı alındı və Ermənistana göndəriləcək Aİ-nın mülkü missiyası sərhəd monitorinqi aparacaq və lazım gələrsə Azərbaycan da bu komissiyaya öz dəstəyini göstərəcəkdir. Görüşün müsbət nəticələrindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının və sülh müqaviləsinin hazırlanması üçün işçi qrupların fəaliyyət göstərilməsi vaxtlarının və müddətlərinin müəyyən olunmasıdır”.