Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və qətliamları davamlı olub. Onlar bu vəhşiliklərini və barbarlıqlarını hətta dövlət siyasəti səviyyəsində on illərlə davam etdiriblər. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı Qarabağda və digər sərhədyanı kəndlərdə Ermənistan hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların kütləvi məzarlıqları aşkarlanıb. Ötən günlərdə Xocavəndin Edilil kəndində sayca üçüncü məzarlıq da aşkarlanıb. Məzarlıqda əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa basdırılmış şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı da müəyyən edilib.
Bütün bunlar bir daha göstərir ki, ermənilərin xalqımıza qarşı törətdikləri qətliamların miqyası bizim təsəvvür etldiyimizdən də böyükdür. Təbii ki, indi bizim bir dövlət və bir millət kimi qarşımızda duran əsas vəzifə işğalçı ölkənin bu kimi vəhşiliklərini nəinki ifşa etmək, həm də onların beynəlxalq səviyyədə hüquqi cəzalandırılmasına nail olmaqdır. Yəni, bu vəhşiliklər cəzasız qalmamalıdır. Məhz bu səbəbdən də ötən günlərdə 20-dən çox xarici KİV nümayəndələri Edilli məzarlığına baş çəkərək ermənilərin törətdikləri qətliamların canlı şahidi olublar. Türkiyənin İHA agentliyi, «Vətən» qəzeti, TRT Avaz televiziyası, «Milliyət» qəzeti, və s. KİV-lərinin əməkdaşları Edilli məzarlığında olaraq bu vəhşiliklərin canlı şahid olmaqla bərabər bunu əsl qətliam adlandırıblar.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Namiq Əfəndiyev KİV nümayəndələrinə məzarlıq və qətliamın baş verdiyi tarix haqqında xarici jurnalistlərə məlumat verib. Xarici KİV-lər məqalələrində və video- reportajlarında Namiq Əfəndiyevə istinadən bildiriblər ki, Edilli məzarlığında 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunub. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.
Avstriyanın dasfazit.at onlayn qəzeti isə bu baradə ittihamedici məqalə ilə çıxış edib. «Ermənistan kütləvi məzarlıq yerlərinin xəritələrini vermir» başlıqlı məqalədə bu qətlamı törədənlərin beynəlxalq tribunala verilmələri istənilib. Qəzet Məhkəmə- tibbi-ekspertiza və patoloji anatomiya birliyinin şöbə rəisi Nuranə Hüseynovanın sözlərini sitat gətirərək məlumat verib ki, Edilli məzarlığında 3 sahə aşkar edilib: «Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olunub. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqaret kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə- tibbi kriminalistika şöbəsinə göndəriləcək.»
Məqalədə vurğulanır ki, bu cür kütləvi məzarlıqlar təkcə Xocavənd rayonunun Edilli kəndində yox, eyni zamanda, işğaldan azad olunan digər Azərbaycan ərazilərində də- Xocalı kəndlərindən birində, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli rayonlarında və digər ərazilərdə aşkar olunub. Həmçinin vurğulanır ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir.
Materialda qeyd olunur ki, məhkəmədən kənar və özbaşına qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Bundan başqa, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı törədilmiş bu gür cinayətlərin beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayıldığı qeyd edilib.
Məqalədə bildirilir ki, itkin düşmüşlərin ailələri beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Ermənistan kütləvi məzarlıqların müfəssəl məlumatını təqdim etməməklə həmin ailələrin hüquqlarını da pozub.
Fransa KİV-ləri də Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatları geniş işıqlandırıblar. «Frans-Press» agentliyi, «20 Minutes», «Le Progres», «Durabull-products» və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış yeni kütləvi məzarlıqla bağlı məqalələr dərc ediblər.
Yazılarda qeyd olunub ki, Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid yeni kütləvi məzarlıq aşkarlanıb. Diqqətə çatdırılıb ki, hələ bu ilin fevralında Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıq tapılmışdı. Eyni zamanda, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir. İnformasiyalarda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin «Twitter» səhifəsində paylaşımına istinadla bildirilib: «Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb.»
Qətərin «Əl-Cəzirə» televiziyası da Qarabağda 1990-cı illərdə ermənilər tərəfindən işgəncə verilərək qətlə yetirilən azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq barədə məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçiləri işgəncələrə məruz qalaraq edam ediliblər. Ümumilikdə isə həmin müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur.
«Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir» - «Thesundaily» nəşri, «news7d.com», «barrons.com», «move-artistic.com», «inversezone.com» portalları Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı informasiyaları məhz bu sərlövhə ilə təqdim ediblər. Yazılarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı «Twitter» hesabında edilən paylaşıma istinadla qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncə verilərək qətlə yetirilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin taleyi barədə məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini bildirməkdən yayınır.
Moldovanın «Noi», «Dosarmedia» və digər xəbər portalları da Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıblar. Bildirilib ki, Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işini açılıb. Diqqətə çatdırılıb ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən edilib.
İspaniyanın EFE informasiya agentliyi, «SWI swissinfo.ch» xəbər və informasiya onlayn-xidmətinin ispandilli versiyası (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması, MSN xəbər portalı «Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar – sağalmayan yara» sərlövhəli məqalələr dərc ediblər.
Məqalələrdə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib.
EFE agentliyinin materialında diqqətə çatdırılır ki, Azərbaycan ilə Ermənistan arasında münaqişənin yekun həlli çərçivəsində o cümlədən itkin düşmüş insanların taleyinin müəyyən edilməsi də daxil olmaqla, humanitar məsələlərin həlli mexanizmləri müəyyənləşdirilməlidir.
Elçin Zaman, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir