Dövlət başçısı İlham Əliyevin Azərbaycan Milli Şəhərsalma Forumunda postmünaqişə dövrünün reallıqları fonunda dünyaya ünvanladığı mesajlar, eyni zamanda, Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü bu qənaətə əsas verir
BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu adından, eyni zamanda, müzakirəyə çıxardığı mövzudan da göründüyü kimi, şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır. Ölkəmiz belə milli platforma yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq salır. «Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz» söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.
44 ölkəni təmsil edən 130 nümayəndənin hər biri bu həqiqətləri eşitməklə yanaşı, onları real həyatda görür, ermənilərin bu illər ərzində hansı vəhşilikləri törətdiklərinin şahidinə çevrildilər. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə nə qədər xarici ekspertlər, jurnalistlər gəliblər. Onlar gördükləri mənzərədən təəccüblərini gizlədə bilmirlər. Qarabağın tacı Şuşa diplomatik mərkəzə çevrilib. Hər gün hansısa bir tədbirə ev sahibliyi edir, 28 ildə ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edilir. 30 ildə ermənilərin və erməni diasporunun himayadarlarına arxalanaraq apardıqları təbliğatın, yaratdıqları miflərin nə qədər əsassız olduğu artıq hərtərəfli şəkildə özünü təsdiqləyir. Özləri barədə beynəlxalq aləmdə « döyülən, əzilən, yazıq, məzlum» xalq, millət imicini yaratmaq üçün dəridən-qabıqdan çıxan ermənilər bu təbliğatlarının ardınca özlərinə sual verirlərmi ki, belə məzlum obraza girmələrinin səbəbi nədir? Başqasının torpağına göz dikib, saxta tarix yazmaqla bunu həqiqət kimi qəbul etdirmək nə zamandan reallıq olub? Əgər bu torpaqlar onlara məxsusdursa, niyə bu qədər vəhşiliklər törədiblər? Bu torpaqların Azərbaycan xalqına məxsusluğunu inkar etmək üçün bütün izləri itirməyə çalışan ermənilərə belə canfəşanlıqlar nəyə lazımdır sualı verildimi? Təbii ki, kiçik dövlətlərə ədalətdən və beynəlxalq hüquqdan dərs keçməyə adətkar olan iri dövlətlər özləri bu prinsipləri kobud şəkildə pozur, sonra da Azərbaycanı günahkar kimi təqdim edirlər. Demək, dünya ədalət meyarını nə zamanadək unudacaq, Ermənistan kimi saxta tarix yazıb onun arxasınca gedən dövlətlər özləri haqsız olduqları halda haqlını ittiham edəcək.
Artıq hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik ifadə edildi ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq. Söhbət təkcə bizim regiondan getmir. Ermənilərin 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətləri ilə barışmayaraq istər müharibə dövründə, istərə də Zəfərdən sonra torətdikləri təxribatlar dünyanın gözü qarşısında baş versə də susmalar günün əsas məsələsi kimi diqqətdə oldu. Bu susmaların arxasında hansı niyyətlərin dayandığı Vətən müharibəsinin gedişi dövründə də özünü qabarıq şəkildə büruzə verdi.
Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünyanın ikili standartlara əsaslanan siyasəti Forumda əsas diqqət göstərilən məsələlər sırasında oldu. Milli platformadan beynəlxalq aləmə mesajlarını ünvanlayan dövlət başçısı İlham Əliyev «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirdi ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
Bu faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini ortaya qoydu. BMT Baş Assambleyasına müraciət edən rəsmi Bakı Dağlıq Qarabağda süni məskunlaşdırma faktının araşdırılması üçün Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış edəndə ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların missiyasına müdaxilə kimi dəyərləndirdilər və belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan qurumun vasitəçiliyindən imtina edir. Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, Azərbaycan məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlıdır, bunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. ATƏT Faktaraşdırıcı Missiyasını yaratdı və işğal edilmiş ərazilərimizə göndərdi. Faktaraşdırıcı Missiya iki dəfə bu ərazilərdə oldu, süni məskunlaşma faktını təsdiqlədi, amma konkret addım atmaq zamanı gələndə, yəni hesabat hazırlananda bu siyasəti hansı tərəfin həyata keçirdiyini gizli saxlamağı daha məqsədəuyğun hesab etdi. Hazırlanan hesabat həmsədrlərin Azərbaycanın BMT Baş Assambleyasına müraciəti ətrafında niyə hay-küy saldıqlarına aydınlıq gətirdi. Düşünürük ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərlə kağız üzərində qaldısa, bu qurumun da Faktaraşdırıcı Missiyası eyni hesabatla çıxış edəcəkdi. Dünya siyasətində münaqişəli məsələlərin həllinə dair belə maraqlı model görəsən bütün dövlətlərə tətbiq olunur? İşğalçı 30 il adı ilə çağırılmadı, amma məsələnin ədalətli həllini tapacağına beynəlxalq səviyyədə inam yaratmağa çalışdılar. Əksər dünya gücləri bu kimi ikili yanaşmaları ilə özlərinə qarşı etimadsızılq mühiti yaratmaqla münaqişəli məsələlərin həllinə hansısa dəstəyi göstərmək imkanında olmadıqlarını orrtaya qoyurlar.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması məsələsinə gəldikdə dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında «İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar» bildirdi. Bir daha bəyan edildi ki, bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur.
Postmünaqişə dövrünün əsas reallıqlarından biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Cənab İlham Əliyevin yeni milli platformadan dünyanın 44 ölkəsinin nümayəndələrinin iştirakı fonunda «Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik» çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajla bərabər, ciddi dərsdir. 30 ildə xalqımızın başına gətirilən faciələr azmış kimi hələ postmünaqişə dövründə də sülh müqaviləsini imzalamamaq. Vaxt qazanmaq üçün Azərbaycan-Ermənistan sərhədində erməni silahlı birləşmələrinin təxribatlar törətmələri, itkilərə səbəb olmaları dünyanı niyə narahat etmir? Bu, təəccüb doğurmaya bilməz.
Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca 4-cü görüşü keçirildi. Hər bir görüş sülh müqaviləsinin imzalanmasına doğru bir addım kimi xarakterizə olunsa da, görüşdən dərhal sonra Ermənistanın baş nazirinin tamamilə fərqli yanaşma ortaya qoyması, bəyanatları ilə açıq-aşkar hərbi təxribatların törədiləcəyinə işarə etməsi diqqətdən kənarda qalmır. Sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən genişmiqyaslı təxribat da deyilənlərin təsdiqidir. Belə təxribatlardan dərhal sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevə telefon zəngi, baş verənlərdən narahatlığını ifadə etməsi Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin həyata keçirilməsi istiqamətində səylərinin təqdimatıdır. Azərbaycan dövləti qurumun vasitəçiliyini təqdir edir, neytrallığı qorumasını yüksək dəyərləndirir.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir. Oktyabrın 6-da dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü oldu. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olundu. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirdi. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi. Şarl Mişel bununla bağlı dövlətimizin başçısına minnətdarlığını bildirdi. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Göründüyü kimi, Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir, qurumla əlaqələri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir