06 oktyabr 2022 16:34
1723

Milli Şəhərsalma Forumu həm erməni vandallığını, həm də bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından əhəmiyyət daşıyır

Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi təsadüfi deyil. Ağdam 30 illik işğal dövründə tamamilə yerlə yeksan olub. Düşmən burada vandallığın bütün nümunələrini tətbiq edib. 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra biz Ağdam da daxil olmaqla bütün bölgələrimizi yenidən qururuq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdama səfəri zamanı burada aparılan bərpa-quruculuq işlərinin yüksək səviyyədə davam etdirildiyini gördük. Neçə illik yaşı olan kəndlər – Xıdırlı, Kəngərli, Sarıcalının təməli qoyuldu. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaq. Əlbəttə, biz bu kəndləri indi daha müasir standartlar əsasında yenidən quracağıq. Sadəcə, bir reallıq var ki, bu yaşayış məntəqələri tamamilə silinib. Milli Şəhərsalma forumunda Azərbaycanın verdiyi əsas mesajlar bundan ibarət idi – bu platformaya qatılan 40-dan çox ölkənin nümayəndəsinə Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdamın vəziyyətini göstərmək, keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün həyata keçirilən və qarşıdakı illərdə planlaşdırdığımız işləri göstərmək. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. Şəhər sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Yarıdağılmış yeganə tikili Cümə məscididir ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə ediblər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, dünya ictimaiyyəti bu forum vasitəsilə bir daha məlumatlandırıldı və bildirildi ki, Füzuli şəhəri də işğal dövründə tamamilə dağıdılıb. Eynilə Cəbrayıl, Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə  beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Şəhərsalma forumunda verilən əsas mesajlardan biri də azad olunmuş ərazilərdə reallaşan genişmiqyaslı bərpa proqramına mane olan mina problemi idi. Ermənistan postmünaqişə dövründə də müharibə cinayətlərini davam etdirir. Müharibə başa çatdıqdan sonra 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina zərərsizləşdirilib ki, bu da mülki insanların həyatı üçün real təhlükə idi.

Bütövlükdə Ağdamda keçirilən Milli Şəhərsalma Forumu həm işğalın nəticələrini, erməni vandallığını göstərmək, həm də Azərbaycanın qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir. Bu gün beynəlxalq qurumlar da bərpa prosesinə töhfə verə bilər. Bu, bütövlükdə bölhədə rifahın təmin olunması üçün olduqca vacibdir.