06 oktyabr 2022 12:31
491

Azərbaycan və Bolqarıstan arasında güclü dostluq münasibətləri formalaşıb

Balkan yarımadasında yerləşən Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur. 1999-cu ilin dekabr ayında Bolqarıstanın Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Cənab Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Azərbaycan ilə Bolqarıstan arasında sıx münasibətlər mövcuddur. Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir.

Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstanın regionun iqtisadi həyatında aktiv yer alması üçün şərait yaradır. Çoxşaxəli səciyyə daşıyan Azərbaycan-Bolqarıstan münasibətlərinin indiki səviyyəyə gəlib çatmasında, heç şübhəsiz, illərdir ki, qurulan siyasi əlaqələrin uğurla davam etdirilməsinin böyük rolu var.

Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. İlk dəfə Ulu Öndər Heydər Əliyev 29-30 iyun 1995-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə isə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr tarixlərində baş tutmuşdur. Azərbaycan və Bolqarıstan arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Ötən dövr ərzində iki ölkə arasında nəqliyyat, energetika,  yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir.

Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür və bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi layihəsi Mərkəzi Asiya və Xəzər bölgəsindən Avropa ölkələrinə təbii qazın nəql edilməsi enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Bu mənada, Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur.

2011-ci ildə Bakı şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

2011-ci ildə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov ölkəmizdə səfərdə olub. İkitərəfli münasibətlərin dərinləşməsində diasporun özünəməxsus yeri var. Bolqarıstandakı diaspor təşkilatlarımızın fəaliyyəti iki ölkə xalqlarının mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Hazırda Azərbaycan-Bolqarıstan münasibətləri hərtərəfli səciyyə daşıyır və qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafı üçün geniş imkanlar mövcuddur.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı