Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 sentyabr – 1 oktyabr tarixlərində Bolqarıstanda rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər uğurlu olan Azərbaycan-Bolqarıstan əlaqələrinin daha da inkişafına çox mühüm töhfə vermiş oldu. Son illərdə Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Zəngin tarixə malik olan bu əlaqələrin əsası 1992-ci il iyunun 5-də qoyulub. Bu il Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Cənab Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir.
Azərbaycan-Bolqarıstan münasibətləri cənab Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olmağından qürur hissi duyduğunu vurğulayaraq, onun Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihə olduğunu və Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql ediləcəyini qeyd etdi. Belə ki, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı idi. Lakin yaxın vaxtlarda Azərbaycanın bir neçə digər qaz yatağından hasilatın başlayacağı və təchizatın həcminin artırılması gözlənilir”. Oktyabrın 1-də rəsmi açılışı qeyd edilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının yüksək səviyyədə olmasının əyani sübutudur.
Azərbaycan-Bolqarıstan arasındakı əməkdaşlıq bütün sahələrdə olduğu kimi humanitar sahədə də ən yüksək səviyyədədir. Belə ki, Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər. Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri də Azərbaycan dilinə tərcümə edilib.
Qürurla deməliyik ki, Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlardan biri hesab etmək olar. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda fəxarət hissi oyadır. Belə möhtəşəm diyarın vətəndaşı olduğum üçün qürur duyuram. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
Günay Dəmirova,
Bakı şəhəri, 116 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir