06 oktyabr 2022 00:30
483

Azərbaycan-Bolqarıstan: 30 illik dostluq və strateji əməkdaşlıq

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında davam etdirilən çox sıx əməkdaşlıq uzun illərdir təşəkkül tapmışdır. Qeyd edək ki Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur.Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan Səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Heydər Əliyev Fondunun dostluq münasibətlərinin inkişafı üçün fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəki "Trapezitsa" tarixi kompleksinin bərpasına və inkişafına verdiyi töhfə mədəniyyət sahəsində yüksək əməkdaşlıq əlaqələrinin nümunəsidir.

 2004-cü il  7  oktyabr  tarixində  Bolqarıstan Respublikasının  Prezidenti cənab Pırvanov Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində, habelə ona Bakı Slavyan Universitetinin Fəxri Doktoru adının təltif edilməsi mərasimində iştirak etmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci il tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.O cümlədən Azərbaycanın təbii qazının Bolqarıstana nəqli  (TAP və TANAP layihələri), yüngül sənaye, kənd təsərrüfatı, tikinti, turizm, idman və əczaçılıq sahələri və.s.İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur. Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir.

Ülviyyə Zaidova,
Bakı şəhəri, Xətai rayonu, 55№-li tam orta məktəbin tarix müəllimi